image-fidan-agitbackend

Nazir Fidan G20 sessiyasında çıxış edib

 Türkiyə Xarici işlər naziri Hakan Fidan fələstinlilərin öz torpaqlarından qovulması ilə ədalətli və qalıcı sülhün əldə edilə bilməyəcəyini ifadə edərək, Fələstin torpaqlarının danışıqlar mövzusu olmadığını vurğulayıb.
Elchi.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, nazir Fidan Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında “Qlobal Geosiyasi Vəziyyət” adlı sessiyada çıxış edib.
Münaqişələrin yaxın tarixin heç bir dönəmində olduğundan daha uzun sürən, dağıdıcı və geniş vüsət aldığını qeyd edən Fidan milyonlarla insanın didərgin düşməsinin, humanitar yardım sistemlərinin həddən artıq yüklənməsinin və iqtisadi pozulmaların yaratdığı qlobal zəifliklərin davam etdiyini vurğulayıb.
Fidan, eyni zamanda, xüsusilə süni intellekt və robototexnika sahələrində sürətli irəliləyişlərin dünyanı yenidən müəyyənləşdirdiyini və çoxtərəfli qurumların dəyişən güc dinamikası qarşısında təsirli qalmaq üçün mübarizə apardığını ifadə edərək, ” Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yüksək qütbləşmiş qlobal mühitdə sülh və təhlükəsizliyi qorumaq üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməkdə acizdir” – deyib.
Nazir Fidan, “Ədalətli və qalıcı sülhə gedən yol milyonlarla fələstinlinin öz torpaqlarından qovulması deyil. Fələstinlilərin böyük fədakarlıqlar göstərdiyi torpaqlar müzakirə mövzusu deyil. İki dövlətli həll vaxtı keçmişdir və qalıcı sülhə aparan yeganə yol olaraq qalır. Bu həllin həyata keçirilməməsi yalnız münaqişə dövriyyəsini davam etdirəcək” – deyib.
Digər tərəfdən , Fidan Suriyadakı son hadisələrin “ümid verdiyini” qeyd edərək, Suriyada əhatəli və təmsilçi keçid prosesi istiqamətində mənalı addımların atıldığını dilə gətirib.
“Bütün etnik və dini qruplara bərabər münasibət göstərməkdə qəti qərarlılıq var. Terrorla mübarizə əzmi sarsılmaz olaraq qalır. Region ölkələrinin narahatlıqları həll edilir. Kimyəvi silahlara nəzarət prioritet olaraq qalır. Suriyanın bərpasının mənalı şəkildə irəliləməsi üçün ilkin şərt qoyulmadan sanksiyalar ləğv edilməlidir”.
Ukraynada diplomatiyanın “yeganə yol” olmağa davam etdiyini vurğulayan Fidan, Türkiyənin bir tərəfdən diplomatik həll yolunu müdafiə edərkən, eyni zamanda Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiyini bildirib.
Fidan, Afrikanın siyasi, iqtisadi, sosial, təhlükəsizlik və humanitar sahələrdə əhəmiyyətli investisiyalarla Türkiyənin xarici siyasətinin təməl daşlarından birinə çevrildiyini ifadə edərək, Afrikanın artan qlobal təsirini alqışladıqlarını və Türkiyənin Afrika Birliyi ilə strateji ortaqlığına sadiqliyini bir daha təsdiqlədiklərini ifadə edib.
Nazir Fidan, “Türkiyə Afrikanın qlobal nizamdakı haqq yerini qorumağa və səsinin çoxtərəfli sistemdə daha çox duyulmasını təmin etməyə davam edəcək”- ifadələrdən istifadə edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki