İordaniya, Misir və Fransa liderləri Qəzzada atəşkəs əldə etməyə çağırıblar.
Elchi.az xəbər verir ki, İordaniya kralı II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fransa prezidenti Emmanuel Makron Misirin paytaxtı Qahirədə Qəzza ilə bağlı üçtərəfli sammit üçün bir araya gəlib. İordaniya, Misir və Fransa liderlərinin bir araya gəldiyi toplantıda Qəzzaya hücumlarının dayandırılması üçün beynəlxalq ictimaiyyətin İsrailə təzyiq göstərməsi, atəşkəs razılaşmasının dərhal geri qaytarılması və bu razılaşmanın həyata keçirilməsi üçün addımların atılmasının vacibliyi qeyd edilib.
İclasda İsrailin bütün təchizat yollarını bağlaması və humanitar yardımların ölkəyə daxil olmasına mane olması səbəbindən Qəzza zolağında fələstinlilərin üzləşdiyi böhranın gündən-günə dərinləşdiyi vurğulanıb və bölgəyə adekvat humanitar yardımın təcili çatdırılmasının vacibliyinə diqqət çəkilib.
İordaniya və Misir liderləri başda Fransa olmaqla, Avropa İttifaqı (Aİ) ölkələrinin beynəlxalq səylərinin birləşdirilməsinin vacibliyini vurğulayaraq, Qəzza zolağının yenidən qurulması üçün birgə səylərin göstərilməli olduğunu bəyan ediblər.
Fransa prezidenti Makron isə İordaniya və Misirin Fələstin xalqının hüquqlarını dəstəkləyən mövqeyinin əhəmiyyətini xatırladaraq, “Fransa Fələstin probleminin siyasi həlli və sakitliyin təmin edilməsi üçün lazım olan hər şeyi etməyə hazırdır” ifadəsini işlədib.
Şayəstə Hüseynova