2010-cu il və daha kiçik yaş qrupundan olan oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilib.
Elchi.az xəbər verir ki, əvvəlcə Qərb bölgəsini təmsil edən komandalar qalib və mükafatçıları müəyyənləşdiriblər.
Şəmkir Olimpiya Kompleksində keçirilən yarışın nəticələrinə əsasən 8 xal toplayan Mingəçevir kollektivi mübarizəni 1-ci pillədə başa vurub. Qazax idmançıları 6 xalla ikinci, Göygöl komandası 4 xalla üçüncü pillədə qərarlaşıb.
İki xal toplayan Gəncə məktəbliləri 4-cü yeri tutublar. Bütün oyunlarda məğlub olan Şəmkir kollektivi sonuncu olub.
Növbəti zona yarışı martın 26-da Cəlilabad Olimpiya Kompleksində baş tutacaq. Burada Cənub bölgəsinin Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Neftçala və Yardımlı komandaları mübarizə aparacaqlar.
Qeyd edək ki, zona yarışlarında birinci və ikinci yerləri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.