28 sentyabr tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən və “İdeyanı Reallaşdır 2023” fərdi qrant müsabiqəsinin qalibi olan “Memarın Emosional İntellekti” layihəsinin açılış mərasimi baş tutub.
Elchi.az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi və doktorantı Elbəy Əliyevin rəhbərliyi ilə keçirilən bu layihə interaktiv təlim formatında təşkil olunub və memarlıqda yaradıcılıq prosesinə fərqli yanaşmaların tətbiqinə hədəflənib. Layihənin əsas məqsədi, gənc memarların yaradıcılıq potensialını genişləndirmək, onların memarlıqda emosiyaların rolu və təsiri barədə məlumatlılığını artırmaqdır.
Təlimlər çərçivəsində “Emosional intellekt nədir?”, “Memarlıqda emosiyaların rolu”, “Yaradıcılıq prosesində duyğuların fərqindəliyi” kimi mövzularda dərindən təhlillər aparılır və iştirakçılarla birlikdə müxtəlif mövzularda zəngin müzakirələr həyata keçirilir. Bu layihə, xüsusilə memarlıq ixtisası üzrə təhsil alan tələbələrə emosional intellektin peşə fəaliyyətinə təsirini anlamaqda və yaradıcılıq prosesini daha da dərindən hiss etməkdə dəstək olur.
Günümüzün qloballaşma tendensiyalarının insanları duyğulardan uzaqlaşdırmaq və monotonluğa sürükləmək cəhdlərinə qarşı, layihə incəsənət və yaradıcılıq sahəsində çalışanlara öz duyğularının fərqində olmağa, onları dərinliklə yaşamağa və bu gözəlliyi cəmiyyətlə paylaşmağa dəvət edir. Layihə, müxtəlif universitetlərdən olan tələbələr və digər iştirakçılar tərəfindən böyük maraqla qarşılanır və geniş müzakirələr doğurur.
Son olaraq layihədə göstərdiyi təşkilati və məkan dəstəyi üçün “Cığır” MDİD İB-ə, təlimlər boyu öz dəyərli fikirləri ilə müzakirə prosesini zənginləşdirdiyi, müəllimlik missiyası ilə qəlblərə işıq olmağa çalışdığı üçün “Cığır” MDİD İB-nin təsisçisi, BDU “İslamşünaslıq” ETM-nin a.e.i., fil.ü.f.dok. Yeganə Mirzəyevaya minnətdarlığı bildirilib.