İsrailin xarici işlər naziri Gideon Saar Qəzzada atəşkəsin davam etməsi üçün israilli məhbusların sərbəst buraxılması lazım olduğunu, atəşkəsin birinci mərhələsi başa çatdıqdan sonra Qəzzaya humanitar yardımı dayandırdıqlarını bildirib.
Elchi.az xəbər verir ki, Saar regional inkişafları qiymətləndirmək üçün beynəlxalq media mənsublarının da qatıldığı mətbuat konfransı keçirib.
İsrailin Qəzzaya humanitar yardımı dayandırmasını müdafiə edən Saar, “Qəzzada israilli məhbusların azad edilməsinin birinci mərhələsi bu şənbə günü tamamlandı. İsrail humanitar yardımın çatdırılması da daxil olmaqla, son günə qədər öhdəliklərini yerinə yetirdi. İsrail ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin təklifini qəbul etdi” deyə bildirib.
Saar Qəzzaya gedən humanitar yardımın “Həmas üçün iqtisadi yanacaq” olduğunu iddia edərək, “bunun belə davam edə bilməyəcəyini” deyib.
Saar Qəzzaya yeni hücumlarla bağlı “Biz bunu istədiyimiz zaman edəcəyik” dedi. dedi.
ABŞ prezidenti Donald Trampın Qəzzadakı fələstinliləri digər ölkələrə zorla deportasiya etmək planını dəyərləndirən Saar Vaşinqtonun danışıqlara rəhbərlik etdiyini və bu planı dəstəklədiklərini bildirib.
“Dəməşqdə çevriliş olub”
Suriyadakı azlıqların hüquqlarının qorunması lazım olduğunu bildirən Saar, “Dəməşqdə çevriliş olduğunu və 1974-cü ildə Suriya ilə bağladıqları münaqişəsiz müqavilənin pozulduğunu” və “Suriyadakı fəaliyyətlərinin təhlükəsiz və dinc bir sərhədi qorumaq olduğunu” iddia edib.
Suriyaya yanaşmada Vaşinqtonla “eyni fikirləri paylaşıb-paylaşmadığı” sualına Saar, “ABŞ dövlət katibi Marko Rubio ilə görüşlərində Suriya məsələsini müzakirə etdiklərini və orada müsbət irəliləyiş görmək istədiklərini” deyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Ukraynanın İsrailin lehinə səs vermədiyini, ancaq Ukraynanı dəstəklədiklərini söyləyən Saar, “Biz onları dəstəklədik, bizi dəstəkləmədilər, ən yaxşı halda əleyhimizə səs verməkdən imtina etdilər” deyə ifadəsini işlədib.
“Misirlə əlaqələr önəmlidir”
İsrail müdafiə naziri Yisrael Katzın Misir ordusunun Sinay yarımadasında hərbi qüvvələrini hazırladığına dair açıqlamalarını dəyərləndirən Saar, “Misirlilərlə görüşəcəklər, bu məsələni mətbuat qarşısında deyil, onlarla birlikdə həll edəcəklər və Misirlə əlaqələr önəmlidir” deyib.
Saar atəşkəsin birinci mərhələsinin tamamlandığını, ikinci mərhələnin işə salınmadığını, birinci mərhələni uzada biləcəklərini və bununla bağlı danışıqlar apara biləcəklərini, “Qəzzanın tam silahsızlaşdırılması və oradakı israilli məhbusların azad edilməsi şərtləri yerinə yetirilərsə, ikinci mərhələyə keçəcəklərini” bildirib.
İsrailin Qəzzaya yardımı kəsməsinin beynəlxalq ədalətdə vəziyyəti daha da pisləşdirəcəyinə dair fikirləri dəyərləndirən Saar, beynəlxalq məhkəmə sisteminin “İsrailə qarşı işlədiyini və səlahiyyətlərindən sui-istifadə etdiyini” iddia edib.
Nuranə Məmmədova