İngiltərənin Birmingem şəhərində zibil toplama tətili və HS2 yüksək sürətli qatar layihəsi səbəbiylə siçovulların sayında böyük bir artım olduğu açıqlandı. Sakinlər deyirlər ki, siçovullardan bəziləri az qala pişik boydadır və avtomobilin naqillərini dişləyərək zərər verir.
Elchi.az xəbər verir ki, Drews Lane və Washwood Heath kimi ərazilərdə yaşayan sakinlər deyirlər ki, gəmiricilər zibil qutularında yuva salır və kapotların altına girərək böyük maddi ziyana səbəb olur.
Yerli sakin Kim Bleykman deyib: “Siçovullar nəhəngdir, təxminən kiçik bir pişik ölçüsündədir və çox qalın quyruqları var. Onlar bizim təkrar emal qutularımıza girib-çıxır. HS2 tikintisi başlayandan bəri ərazidə siçovulların sayında artım müşahidə etdik”.
Birmingem Şəhər Şurası 2024-cü ildə siçovullarla mübarizə üçün £24 xidmət haqqı tətbiq etdi. Müxaliflər tərəfindən “siçovul vergisi” kimi təsvir edilən bu təcrübə şəhərdə böyük müzakirələrə səbəb oldu.
Bələdiyyə zibiltoplama aksiyası ilə əlaqədar bəzi ərazilərdə fasilələrin olduğunu etiraf etsə də, həftədə ən azı bir dəfə hər evə zibil toplama xidmətinin göstərilməyə davam etdiyini bildirdi.
Şayəstə Hüseynova