image-7777backend

Bütün SSRİ-nin heyran qaldığı məşhur AZƏRBAYCANLI xanım: Oğlanları onun yolunu niyə davam etdirmədi?

“O, Şərqin simvoludur”- bu sözləri onun haqqında ərəb qəzetləri yazırdı. Onu sovet mətbuatı da diqqətdən kənarda saxlamırdı. Onun haqqında tez-tez sovet mətbuatında yazılar gedirdi. Kim idi Leyla Məmmədbəyova?

Bu arıq, qaraşın qız niyə bütün SSRİ-də məşhur idi? Milyonların sevimlisinə çevrilən bu qarabəniz qız, Leyla Məmmədbəyova 1909-cu ildə Bakıda doğulmuşdu. 9 yaşında Bakıda 1918-ci ildə ermənilərin Bakıda keçirtdikləri mart soyqırımında Bakıda Həştərxana getməyə məcbur olurlar. Mart soyqırımında bu ailənin üzvlərindən də şəhid olanlar olur. Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra Leyla ailəsi ilə Bakıya geri dönür.

Leyla 18 yaşından səma ənginliklərinin əsirini çevrilir. Bu sevgi bu qarabəniz qızın arzularının ardınca mətin addımlarla addımlamağa məcbur edir. Tez bir zamanda o bütün SSRİ-də məşhurlaşır. Cəmi 21

yaşı olanda mətbuat artıq onu “şərqin əfsanəsi” adlandırırdı. 30-cu ilin əvvəlində Moskvada nəşr olunan “SSSR na stroyke”, yəni “SSRİ tikintidə” adlı jurnalda Leyla adlı gənc qızın fotosu dərc edilmiş və fotonun altında bu sözlər yazılmışdı: “Şərqdə ilk qadın-təyyarəçi”. Leyla həmin dövrün canlı əfsanəsi idi. Hələ çadradan başlarını çıxarmağa cəsarət etməyən qadınlar ona baxmağa gəlirdilər. Leyla fabrik və zavod sexlərində gənc qadın işçilərin qarşısında çıxış edirdi.

Leyla Məmmədbəyovun ilk uçuşu 1931-ci ilin fevral ayında baş tutur. O “U-1” təyyarəsində təcrübəli təlimatçı ilə birgə ilk dəfə havaya qalxır.

Azərbaycan Tarix Muzeyində Leyla xanım üçün çox əziz xatirə kiçik bir sənəd saxlanılır: “Təlimçi-pilot Məmmədbəyova SSRİ Osoaviaxim Mərkəzi uçuş-texniki məktəbində məşq zamanı 1933-cü il martın 17-də “U-2” təyyarəsindən “PT-1” paraşütlə tullanmışdır. Bu Sovet İttifaqında qadının paraşütlə tullanması ilə bağlı ikinci hadisə idi. Sovet İttifaqı Qəhrəmanı olmuş təlimçi P.Qolovin Leylanı fikrindən daşındırmağa çalışırdı. Amma Leyla qəti şəkildə bildirdi: “Mən tullanacağam!” Sözünün üstündə durur. 1934-cü ildə Zaqafqaziya respublikaları arasında keçirilən hava müsabiqəsində Leyla birinci yeri tutur.

Böyük Vətən müharibəsi zamanı Leyla Məmmədbəyova cəbhəyə göndəriləcəyini gözləsə də bu baş vermir. Leyla xanımı cəbhəyə yollamırlar, çünki həmin vaxt onun dörd uşağı vardı. Bakı aeroklubu bağlanır. Aviasiya mayoru Leyla xanım Mir Cəfər Bağırovun qəbuluna

düşür və bekar qaldığını söyləyir. Beləliklə də, Leyla xanım planer-paraşüt klubunun açılmasına çətinliklə də olsa müvəffəq olur.

Müharibə dövrü ərzində Leyla Məmmədbəyova 4000 paraşütçü-desant hazırlamışdı. Onun son uçuşu 1944-cü ildə olmuşdu. Çünki həkimlər onun səhhəti üçün narahatlıq keçirirdilər. Səmadan ayrılmaq çətin idi. Sonradan o özünə elə bir iş tapdı ki, nadir hallarda da olsa səma ilə görüşürdü.

Leyla Məmmədbəyova xatirələrində o illəri belə xatırlayırdı:”1928-ci ildə mən klubda çadramı çıxartdım. O vaxt mənim 19 yaşım var idi. Öyrəndim ki,  təyyarəçilər məktəbinə qəbul keçirirlər. Ərim o vaxtlar Dəvəçidə işləyirdi. Yazırdı ki, mən işləməyə gedim. Mən də qərar qəbul etdim. Həmin məktəbə 22 nəfər qəbul etdilər. Onların arasında bircə qadın – o da mən idim. Bizə hərbi kişi forması verdilər. Artıq mən oğlana oxşayırdım. Yalnız hörüklərim dizdən aşağı yellənirdi. Ərimə özümü göstərmək üçün yanına getdim. Bəhram qapını açdı və məni tanımadı. Sonra gülüb dedi: “Afərin sənə, uç!”

Elə sonralar da mən ərimə sürprizlər təqdim edirdim. Moskvada Tuşinsk aerodromunda təcrübə keçərkən mənə dedilər ki, təyyarəçi əsasnaməyə görə hörük gəzdirə bilməz. Evə qayıtdım, Bəhramla məsləhətləşdim. Onun qanı bərk qaraldı. Lakin hörüklərimi kəsəndən sonra o, mənə diqqətlə baxıb dedi: “Bilirsən, heç də pis deyil!”

“ 1933-cü ildə mən ilk dəfə olaraq paraşütdən tullandım. Mənə qədər Sovet İttifaqında cəmi 84 nəfər paraşütdən tullanmışdı. Mən ikinci qadın paraşütcü oldum. Sonra təyyarəçi-təlimatçı işləyirdim. Təyyarədə də çox uçurdum. Mənim şagirdlərim arasında iki Sovet İttifaqı Qəhrəmanı var: Adil Quliyev və Nikolay Şeverdyayev. Onlar Böyük Vətən müharibəsi illərində səmada alman faşistlərinə qarşı cəsarətlə vuruşmuşlar. Adil Quliyev müharibə dövründə Berlinə qədər şanlı döyüş yolu keçmişdi. Nikolay Şeverdyayev isə hücumçu təyyarəsi ilə Zapolyariyedə, Leninqrad yaxınlığında, Polşa və Almaniyada faşist işğalçıları ilə vuruşların iştirakçısı olmuşdur. Mayor Ağasəf Səmədov da bizim Bakı aeroklubunun yetirməsidir. Faşist yuvası Berlini birinci bombalayanlar arasında Ağasəf də olub, əsl igidlik göstərib”.

Bu gündə onun haqqında dünyanın ən məşhur nəşrləri yazır. Bir neçə ay öncə ABŞ-ın “Huffington Post” nəşrində müharibədə iştirak etmiş məşhur qadın pilotlar haqqında geniş məqalə dərc olunmuşdu. Diqqətimi məşhur nəşrin “bir cəsur şərq qadının uğur hekayəsi” başlığıcəlb etdi.

Nəşr azərbaycanlı pilot Leyla Məmmədbəyovanın keçdiyi döyüş yolundan yazıb. Elə məqalədə də L.Məmmədbəyova yalnız ölkəsinin ilk qadın pilotu kimi təqdim edilməyib. Nəşr onun qeyd edib ki, azərbaycanlı Leyla Məmmədbəyova həm də bütün Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın pilot olub: ” 1931-ci ildə ilk uçuşunu həyata keçirmiş və 10 il müddətində Sovet ordusunda eskadrilyaya başçılıq edib”.

“O, həyatı ilə Azərbaycandakı – qadınların səsvermə hüququna ABŞ-dan daha erkən sahib olduqları ölkədə müsəlman qadınlar haqqında stereotipləri qırıb”, – deyə məqalədə vurğulanıb. Bu bir cəsur Azərbaycan qızının uğur simvolu idi.

Həyatı keşməkeşli olan Leyla Məmmədbəyovanın böyük oğlu Firudin 1943-cü ildə İkinci Dünya müharibəsinə yollanır. Taleyin gərdişinə bax, bu cəsur Azərbaycan qızının başqa bir oğlu Xanlar isə Qarabağda ermənilərlə savaşa qatılır. Onun haqqında hələ sovet dövründə əfsanələr dolaşırdı. Hamı Leyladan danışırdı. Onun haqqında şeirlər yazılır filmlər çəkilirdi. Leyla Məmmədbəyov haqqında 1995-ci ildə haqqında sənədli film də çəkilir. 1934-cü ildə çəkilən “İsmət” bədii filmi məhz Leyla xanıma həsr olunub. Ömrünü vətəni üçün, gənc kadrların hazırlanmasına həsr edən, Leyla Məmmədbəyova 1989-cu ildə rəhmətə gedir.

Qoşqar Salmanlı

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki