ABŞ dövlət katibi Antoni Blinken İsrailin xarici işlər naziri Gideon Saar ilə telefon danışığında Qəzzada humanitar yardıma çıxış imkanlarının artırılması və mülki şəxslərin Livandakı evlərinə qayıtmasına imkan yaradacaq diplomatik həll məsələlərini müzakirə edib.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada Blinkenin israilli həmkarı Saar ilə telefon danışığı apardığı, Qəzza və Livan hadisələrini müzakirə etdiyi bildirilib.
İsrailin Qəzzaya qida, dərman və digər əsas ehtiyaclar daxil olmaqla humanitar yardım axınını artırmaq üçün atdığı son addımları qiymətləndirən Blinken, İsraili ehtiyacı olanlara humanitar yardımın çatdırılmasını sürətləndirmək üçün əlavə addımlar atmağa çağırıb.
Blinken Qəzzada baş verənlərə son qoyulmasının, bütün əsirlərin azad edilməsinin, həm İsrail, həm də Fələstin xalqı üçün daimi sülh və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Nazir Blinken həmçinin Livanda İsrail və Livan vətəndaşlarının evlərinə qayıtmasına imkan verəcək diplomatik həllin zəruriliyini müzakirə edib.
Şayəstə Hüseynova