Azərbaycan çoxsahəli əməkdaşlıq, siyasət, təcrübə və təhsil yolu ilə “Vahid Sağlamlıq” Konsepsiyasının həyata keçirilməsini təşviq edir.
Elchi.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Danimarkanın paytaxtında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində “Vahid Sağlamlıq” mövzusunda keçirilən texniki brifinqdə deyib.
“Beynəlxalq tibbi-sanitariya qaydaları çərçivəsində bu istiqamətdə atılan mühüm addımlardan biri də 19 texniki sahəni əhatə edən Birgə Xarici Qiymətləndirilmədir. 2023-cü ilin may ayında yerli və sektorlararası beynəlxalq ekspertlərdən ibarət qiymətləndirmə qrupunun iştirak etdiyi məsləhətləşmə prosesi vasitəsilə Azərbaycanın imkanları insan sağlamlığı sektoru da daxil olmaqla 19 istiqamətdə yoxlanılıb. Birgə müzakirələr və ərazilərə səfərlər nəticəsində Beynəlxalq tibbi-sanitariya qaydalarının, “Vahid Sağlamlıq” Konsepsiyasının tətbiqinin təkmilləşdirilməsinə və Azərbaycan səhiyyə sisteminin fövqəladə hallar zamanı dayanıqlığının gücləndirilməsinə yönələn bütün texniki istiqamətlər üzrə qiymətləndirmələrinə dair prioritet addımlar müəyyən edilib”, – T.Musayev bildirib.