image-1740137469311643048_1200x630backend

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Gürcüstan teatrları ilə əməkdaşlığı gücləndirir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı artıq bir neçə ölkənin müvafiq teatr birlikləri ilə beynəlxalq səviyyədə əməkdaşlıq edir. Fevralın 23-də isə Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında beynəlxalq əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.

Elchi.az  xəbər verir ki, bu barədə Tbilisidə səfərdə olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov məlumat verib.

Onun sözlərinə görə, Dövlət Akademik Milli Dram Teatrı Gürcüstanın Kote Marcanaşvili adına Dövlət Akademik Dram Teatrı ilə də əməkdaşlıq edir: “İnanırıq ki, həm Marcanaşvili adına Dövlət Akademik Dram Teatrı, həm də Ş.Rustaveli adına Milli Teatr ilə əməkdaşlıq təkcə iki ölkənin müvafiq teatrları arasında deyil, bütövlükdə ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafında mühüm rol oynayacaq”.

Yeni imzalanacaq Memorandumda qarşılıqlı ustad dərslərinin keçirilməsi, birgə tamaşaların hazırlanması, təcrübə mübadiləsi, gürcü və Azərbaycan ədiblərinin əsərlərindən tamaşaların hazırlanması və s. məsələlər nəzərdə tutulub.

İ.Əsgərov deyib ki, bu günə qədər Marcanaşvili adına Dövlət Akademik Dram Teatrında Azərbaycan ədiblərinin əsərləri əsasında səhnələşdirilmiş 3 tamaşa nümayiş etdirilib.

Dövlət Akademik Milli Dram Teatrında da gürcü müəlliflərin bir neçə əsəri əsasında hazırlanmış tamaşalar nümayiş etdirilib. Hətta gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası beynəlxalq festivalda nümayiş olunub.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki