Avropa İttifaqı (Aİ) liderləri martın 6-da keçiriləcək “Ukrayna və müdafiə” mövzusunda fövqəladə sammitə hazırlıq çərçivəsində videokonfransda görüşüblər.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Antonio Kostanın sədrliyi ilə bir araya gələn liderlər fevralın 25-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşən Fransa prezidenti Emmanuel Makrondan da görüşün təfərrüatlarını dinləyiblər.
“X” hesabından görüşlə bağlı paylaşım edən Kosta, Makronun brifinqlərinin martın 6-da keçiriləcək ” Ukrayna və müdafiə” mövzusunda fövqəladə zirvə toplantısı öncəsi əhəmiyyətli olduğunu bildirib.
27 liderin hamısının iştirak etdiyi onlayn görüş təxminən 30 dəqiqə davam edib.
İclasda Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iştirak edib.
“Qeyri-müəyyənlik, gözlənilməzlik, razılaşmalar. Doğrudanmı bu, yeni beynəlxalq nizamın əsaslanmalı olduğu qaydalardırmı?” Polşanın baş naziri Donald Tusk həmkarları ilə görüşdən sonra sosial şəbəkədəki paylaşımında deyib.
Aİ liderləri martın 6-da görüşəcək
Aİ nümayəndələri tez-tez Ukraynada müharibəyə son qoymaq üçün Trampın təşəbbüsü ilə keçirilən danışıqlarda iştirak etmək istəklərini ifadə etsələr də, Ukraynaya hərbi dəstəyi artırmaq yollarını da axtarırlar.
Fevralın 24-də keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra çıxış edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ukraynaya yeni hərbi yardım təşəbbüsünün müzakirə edildiyini bildirib.
Bu yeni təşəbbüs Ukraynaya qısa müddətdə artilleriya, hava hücumundan müdafiə sistemləri və təlim avadanlığı yardımı göstərmək üçün yeni birgə fond yaratmaq məqsədi daşıyır, fondun dəyəri və digər detallar üzrə yekun qərarın isə növbədənkənar sammitdə qəbul ediləcəyi gözlənilir.
Növbədənkənar sammitin digər gündəm maddəsi Avropanın müdafiə xərclərini və investisiyalarını artırmaq və müdafiəni gücləndirmək yolları olacaq.
NATO-nun bu il hər bir müttəfiqinin ümumi daxili məhsulun (ÜDM) 2 faizini müdafiə xərclərinə ayırması hədəfini yeniləməsi gözlənilsə də, ABŞ yeni hədəfin 5 faiz olması lazım olduğunu açıqladı.
Bu vəziyyət ÜDM-nin orta hesabla 1,9 faizini müdafiəyə ayıran Avropa ölkələri üçün yeni təzyiq elementinə çevrildi və yeni müəyyən edilmiş hədəfə çatmaq yolları müzakirə olunmağa başladı.
Gələn həftə keçiriləcək sammitdə Aİ ölkələrinin müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq üçün yeni təklifin də müzakirə ediləcəyi gözlənilir.
Nuranə Məmmədova