Ağ Ev Ər-Riyadda ABŞ-Ukrayna danışıqları ilə bağlı verdiyi açıqlamada ABŞ və Ukraynanın “Qara dənizdə təhlükəsiz naviqasiyanı təmin etmək” mövzusunda razılığa gəldiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Ağ Evdən edilən yazılı açıqlamada, ABŞ və Ukrayna texniki heyətləri arasında 23-25 mart tarixlərində Ər-Riyadda Qara dənizdəki vəziyyətlə bağlı danışıqların nəticələri paylaşılıb.
Açıqlamaya görə, ABŞ və Ukrayna Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi, güc tətbiqinin aradan qaldırılması və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması barədə razılığa gəliblər.
İki ölkə, həmçinin hərbi əsirlərin mübadiləsi, mülki məhbusların azad edilməsi və oğurlanmış ukraynalı uşaqların geri qaytarılması məsələlərində birgə işləmək iradəsini nümayiş etdirib.
ABŞ və Ukraynanın texniki nümayəndə heyətləri, həmçinin enerji obyektlərinə hücumların qadağan edilməsinə dair Rusiya-Ukrayna memorandumunun həyata keçirilməsinə dair razılığa gəliblər.
“Üçüncü ölkələrin enerji və dəniz sazişlərinin həyata keçirilməsini dəstəkləmək üçün xoş niyyətli yanaşmaları alqışlanır”. Bəyanatda həmçinin vurğulanıb ki, Birləşmiş Ştatlar və Ukrayna “davamlı və daimi sülhün bərqərar olması” üçün səylərini davam etdirəcəklər.
Nuranə Məmmədova