ABŞ dövlət katibi Marko Rubio Yəmən husilərinin rəsmi olaraq xarici terror təşkilatları siyahısına daxil edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, dövlət katibi Rubio yazılı açıqlama verərək, daha əvvəl ABŞ prezidenti Donald Trampın imzaladığı prezident fərmanı istiqamətində rəsmi addımlar atdıqlarını açıqlayıb.
“Bu gün Dövlət Departamenti Prezident Trampın vəzifəyə gəldiyi gündən bəri verdiyi vədlərdən birini yerinə yetirir və Departamentin Husilər kimi tanınan Ənsarullahı Xarici Terror Təşkilatı olaraq təyin etdiyini məmnuniyyətlə elan edirəm”, – Rubio bildirib.
Rubio Trampın 14175 saylı fərmanına da toxunaraq Husilərin Qırmızı dəniz və Ədən körfəzindəki fəaliyyətlərinin ABŞ-ın maraqlarına zərər verdiyini bildirib.
ABŞ prezidenti Tramp yanvarın 23-də imzaladığı sərəncamla Yəməndəki husiləri yenidən “terror təşkilatı” siyahısına saldığını açıqlayıb.
Tramp açıqlamasında 2021-ci ildə vəzifəsinin son günlərində husiləri siyahıya əlavə etdiyini, lakin Bayden administrasiyası vəzifəyə gəldikdən bir neçə ay sonra husiləri siyahıdan çıxardığını qeyd edib.
ABŞ-ın keçmiş dövlət katibi Antoni Blinken husiləri 16 fevral 2021-ci il tarixindən etibarən xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqladı. Qərarın Yəməndə humanitar vəziyyətin son dərəcə pisləşməsi ilə əlaqədar qəbul edildiyi bildirilib.
Husilər daha əvvəl Donald Tramp administrasiyasının son günlərində xarici terror təşkilatları siyahısına əlavə edilmişdi.
Nuranə Məmmədova