Dünyanın ən gənc dövlət başçısı Kim Çen In bir çox titullara malikdir. Koreya Əmək Partiyasının birinci katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı kimi vəzifələr ona atası Kim Çen İrdən qalıb. O ailənin üçüncü oğlu olmasına baxmayaraq atası məhz Kim Çen Inı öz varisi elan edib.
Şimali Koreya diktatorunun doğum tarixi dəqiq açıqlanmır. Bəzi mənbələr onun 1982-ci ildə, digər mənbələr isə 1984-cü ildə anadan olduğunu göstərir.
Kim Çen In “taxt-tac” sahibi olana qədər ictimaiyyət arasında çox da tanınmayıb. 2006-cı ildə Koreya Əmək Partiyasının liderlərinə üstünə Kim Çen Inın şəkili həkk olunmuş ulduzlar paylananda gələcəkdə onun atasının varisi olacağı haqqında kütləvi informasiya vasitələrində məlumatlar dərc olunub və hakimiyyətin atadan oğula ötürmək ənənəsi davam edib. Belə ki, onun atası Kim Çen İr də öz atasının varisi olub. Kim Çen İr dünyada hakimiyyətə varislik yolu ilə gəlmiş yeganə Kommunist lideri idi. Onun hakimiyyət dövrü kifayət qədər qalmaqallarla yadda qalıb. Bu qalmaqalları yaradan əsas səbəblər isə insan hüquqlarının pozulması və nüvə proqramı olub. Kim Çen İr 2011-ci il dekabrın 17-də ürək tutmasından vəfat edib. Onun ölümü haqqında iki gündən sonra məlumat verilib. Dekabrın 24-də isə Kim Çen In varis elan olunub.
Kim Çen In İsveçrənin Bern şəhərində təhsil alıb. Təhsil aldığı illərdə o Pak In təxəllüsünü daşıyıb. Hətta tələbə yoldaşları onun kim olduğunu bilməyiblər. Həmin illərdə Kim Çen In ingilis, alman və fransız dillərini öyrənib. O əsasən evdə təhsil alıb. Naharını isə Bernin ən bahalı restoranlarında edib. Bu ölkədə olarkən Kim Çen Inın hər dəqiqəsini Şimali Koreyanın bu ölkədəki səfiri müşayiət edib.
Cənubi Koreya kütləvi informasiya vasitələrinin məlumatına görə Kim Çen In bir neçə dəfə plastik əməliyyat olunub. O bunu gözəl görünmək və yaxud da özünü tanıtdırmamaq üçün deyil, Koreya Xalq Demokratik Respublikasının əsasını qoyan babasına oxşamaq üçün edib.
Kim Çen Inın bərbərlərə qarşı potoloji qorxusu var. Buna görə də o saçlarını özü düzəldir. Onun saç düzümü isə Şimali Koreyada yeni dəbin meydana gəlməsinə səbəb olub. Belə ki, ölkə rəhbərliyinin qeyri-rəsmi göstərişi ilə kişilərə yaraşdı-yaraşmadı belə saç düzümünün saxlanılması tövsiyə olunub.
Artıq çəkidən yaxa qurtara bilməyən Kim Çen In diabet və yüksək qan təzyiqi xəstəliklərindən əziyyət çəkir. Bəzi mənbələrə görə o, alkoqollu içkilərə hədsiz dərəcədə meyllidir.
Kim Çen In qərbin pop mədəniyyətinə meyl göstərir, Mel Gibsonun çəkildiyi filmlərə baxır, amerika basketbol komandalarının oyunlarını həvəslə seyr edir.
Koreya lideri 2009-cu ildə ailə həyatı qurub. Onun həyat yoldaşı Li Sol Çju rəqqasədir.
Kim Çen In hakimiyyətə gəldiyi gündən qəddar, amansız, komprimisə getməyən lider kimi tanınıb. Onun qəzəbinə düçar olmaq sözün əsl mənasında faciə deməkdir. Kim Çen In tərəfindən cəza kimi sürgünə göndərilənlər özlərini “xoşbəxt” sayırlar. Çünki onun daha dəhşətli cəza tədbirləri var.
Kütləvi informasiya vasitələrinin məlumatına görə Kim Çen In Şimali Koreyada böyük nüfuza malik olmuş döğma dayısı Çan Son Txekanı və onun bir neçə tərəfdarını hakimiyyətə qarşı çıxdığına görə diri-diri itlərə yedizdirib. Koreya liderinin daha bir qəddarlığı isə elə bu günlərdə mətbuatda yer alıb. O ölkənin ictimai təhlükəsizlik naziri O Son Xona odsaçan silahla atəş açaraq yandırıb.
Kim Çen Inın hakimiyyətinin elə ilk illərində iki ballistik raket sınaqdan keçirilib, yeraltı nüvə raketinin sınağı bütün dünyanı təəcübləndirərək şoka salıb. Şimali Koreya bu sınaqları keçirməklə BMT Təhlükəsizlik Şurasınin iki qətnaməsinin (1718 və 1874) tələblərini pozub və bu təşkilatın məsələyə reaksiyası da tam gözlənilən olub – təcili toplantıda Pxenyanın təxribatçı əməlləri kəskin şəkildə pislənib. Şimali Koreyanın nüvə sınağından 3 həftə sonra isə BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı sanksiyaları sərtləşdirib.
Atasının getdiyi yolları daha da sərt edən marşal rütbəli Kim Çen In öz “cəlbedici” siyasi fəaliyyəti ilə yəqin ki, dünya ictimaiyyətini hələ çox təəcübləndirəcək.
İlham Cəmiloğlu