Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Xocalı rayonunun Fərrux kəndini erməni separatçılarından azad edib və Fərrux yüksəkliyinə Azərbaycan bayrağını sancıblar. Bölgədəki Rusiya sülhməramlı qüvvələrinin canfəşanlığına baxmayaraq, ordumuz Azərbaycanın suveren ərazisi olan həmin kəndi tərk etməyəcəyini bəyan edib.
Bəs, Fərrux kəndinin Azərbaycan Ordusu üçün strateji əhəmiyyəti nədən ibarətdir? Bundan sonra ordumuz hansı addımları ata bilər?
Mövzu ilə bağlı Redaktor.az-ın sualarını cavablandıran hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyir ki, bizim üçün Şuşa nə qədər əhəmiyyətli idisə, Fərrux da eyni əhəmiyyətə malikdir:
“Fərrux kəndi Azərbaycan ərazisidir. Strateji əhəmiyyəti ondan ibarətdir ki, Xankəndi artıq bizim bir addımlığımızdadır. O kəndi azad etməklə Azərbaycan Xankəndiyə doğru daha bir addım yaxınlaşdı. Bundan sonra Xocalı, Ağdərə ilə bağlı məsələlər də öz həllini tapacaq. Bizim üçün Şuşa nə qədər strateji və hərbi əhəmiyyət kəsb edirdisə, Fərrux da həm birinci Qarabağ savaşında, həm də indi böyük əhəmiyyyət kəsb edir. Fərruxu nəzarətimizə almaqla ermənilərin orada qalan tör-töküntülərinin manevr imkanlarını xeyli məhdudlaşdırmışıq. Həmin hakim yüksəkliklər Azərbaycan ordusunun nəzarətindədir. Kimin gəlib-getməsinə artıq Azərbaycan ordusu tərəfindən nəzarət edilir”.
Ekspert bildirdi ki, ölkə rəhbərliyi tərəfindən ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı mühüm göstərişlər verilib:
“Növbəti mərhələdə əgər ermənilər Azərbaycanın təklif etdiyi sülh yolu ilə silahlarını təhvil verməyi qəbul etməyib normal yaşayış qaydalarına əməl etməyəcəkləri təqdirdə Azərbaycan lazım olan anti-terror əməliyyatını həyata keçirəcək. Anti-terror əməliyyatını keçirmək üçün də çox böyük səbəblər var. Səbrli olaq, yaxın həftələrdə bu Fərruxun davamı da gələcək. Bunu Azərbaycan Müdafiə Nazirliyi də gizlətmir. Çünki ölkə rəhbərliyi ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı konkret göstəriş, tapşırıq verib”.
Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Azərbaycana qarşı bəyanatda da, Qarabağda olan sülhməramlıların həqiqi üzü orta çıxmış oldu:
“Rusiya sülhməramlıları üzərlərinə düşən vəzifəni, etməli olduqları işi etmirlər. Əksinə prosesə mane olmağa cəhd edirlər. Dünən Fərruxla bağlı onların bəyanatı, yerində olmayan müdaxiləsi və kobudluğu onu deməyə əsas verir ki, onlar bura seperatçıları dəstəkləmək üçün gəliblər. Onlar sülhməramlı yox, bölgədə vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələrdir. Mən hesab edirəm ki, Azərbaycan yaxın həftələrdə bir sıra məsələləri həll edəndən sonra ola bilsin ki, Rusiya sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazisini tərk etməsi məsələsi gündəmə gəlsin. Çünki onların özlərini yekəxana aparması, özlərini qanundan üstün saymaları, hətta 16 ay ərzində Azərbaycanın yaşayış məntəqələrinin adlarını da özlərində düzgün qeyd etməmələri onu deməyə əsas verir ki, onlar bölgəyə tamam başqa məqsədlər – əyyaşlıq, əxlaqsızlıq, günlərini keçirmək, yüksək məvacib almaq üçün gəliblər. Onların konkret vəzifə borcları ilə məşğul olmaq niyyətləri və fikirləri yoxdur. Adicə Fərrux kəndinin adını öz internet səhifələrində düzgün yazmırlarsa, Azərbaycanla imzalanmış sənədə hörmət qoymurlarsa, onların burada qalmağı həm günahdır, həm də ümumiyyətlə Azərbaycanın özü-özünə hörmətsizlik etməsidir. Onlar buradan yığışıb çıxmalıdırlar. Çünki bu 16 ay ərzində onların yalnız və yalnız gördüyü iş bizə problem yaratmaq olub”.
Polkovnik qeyd etdi ki, Azərbaycan ordusu yaxın günlərdə hər kəsə layiqli cavabını bildirəcək.
“Sülhməramlıların yarıtmaz fəaliyyətinin nəticəsidir ki, ermənilər son aylar məhz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi yerlərdən Azərbaycan ordusunun mövqelərini atəşə tutublar. Ona görə də biz buna uzun müddət dözə bilmərik. Biz bu məsələni həll etməliyik. Bu istiqamətdə də lazım olan işlər görülür. Artıq bu proses iki həftədən çoxdur davam edir. Erməni əhalisi və hərbi qulluqçuları arasında əvvəl izahat işləri aparılıb. Başa düşən düşür, düşməyəni isə Azərbaycan oğulları başa salırlar. Müqavimət olacağı təqdirdə heç bir narahatçılığa ehtiyac yoxdur. Azərbaycanın kifayət qədər gücü və qüvvəsi orada var ki, qısa müddətdə – bir neçə günə biz oranı tam şəkildə təmizləyək və vətəndaşlar da orada rahat həyatlarına davam etsinlər”, – deyə Üzeyir Cəfərov bildirib.