Cəmil Tağıyev
UNEC magistrantı
1. Türk dövlətlərinin iqtisadiyyatına ümumi baxış
1991-ci ildə Qafqazın və Mərkəzi Asiyanın türk dövlətləri sovet hakimiyyətinin dağılması ilə dövlət müstəqilliyini qazandılar. Beləliklə, müstəqil türk dövlətlərinin sayı 6 oldu. Bunlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstandır.
1.1. Azərbaycan
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Cənubi Qafqazda Xəzər dənizinin sahilində yerləşir. Təbii sərvətlərlə zəngindir. Tarixi ticarət yollarının buradan keçməsi ölkənin yerüstü sərvəti-coğrafi mövqeyindən də istifadə etməsi üçün əlverişli şərait yaradır. Müstəqilliyin ilk illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20% torpaqları işğal altına düşdü. Milyondan artıq qaçqın və məcburi köçkünlərin olması ölkənin yükünü daha da artırırdı. 1994-cü ildə bu yüklərin təsirini azaltmaq, ölkə iqtisadiyyatını bərpa etmək üçün təbii resurs amilindən istifadə edərək Azəri-Çıraq-Günəşli neft və qaz yataqlarının işlənməsi üzrə tarixi “Əsrin müqaviləsi” bağlandı. Bununla da xarici investisiyalar ölkəyə axmağa başladı. 1995-2020-ci illəri ərzində ümumilikdə ölkə iqtisadiyyatına 146.96 milyard dollar xarici investisiya daxil olub ki, bunun 120,6 milyard dolları 2000-2017-ci illərdə daxil olub. Həmin dövrdə 120,6 milyard dollarlıq investisiyanın 77,8 milyardı birbaşa xarici investisiyalar olub. 2000-2017-ci illər üzrə Azərbaycan iqtisadiyyatına daxil olan 77,8 milyard dolların 66,8 milyard dolları(85,9%) neft-qaz sektoruna, 19,9 milyard dolları isə qeyri neft-qaz sektoruna qoyulub.
Ölkə iqtisadiyyatının neft-qaz sektorundan tam asılılığını azaltmaq, regionlar arasında tarazlığı bərpa etmək üçün 2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul edilib. Bunun nəticəsində 2000-ci ildə qeyri-neft ÜDM 3 milyard manat idisə, 2020-ci ildə 44.86 milyard manat olmuşdur. [1]Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən 2021-ci il üzrə Azərbaycanın real ÜDM artımı 3% təşkil etməklə ÜDM həcmi 52.65 milyard ABŞ dollardır. [2]
Kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, emal sənayesinin inkişafı üçün Azərbaycanın zəngin potensialı var.
1.2. Türkiyə
Türkiyə Afrika,Avropa və Asiyanın bir-birinə ən yaxın nöqtəsində, Avropa ilə Asiyanın kəsişməsində yerləşir. 2001-ci ilin fevral krizindən sonra sürətli inkişaf mərhələsinə qədəm qoymuş, 2002-2011- illər ərzində 6.5% böyümüşdür. 2020-ci il üzrə ÜDM-in sahələr üzrə nisbətində 54.64% xidmət, 27.8% sənaye, 6.6% kənd təsərrüfatının payı var. İxracında emal sənayesinin payı üstünlük təşkil edir.84.6 milyon əhalisi olan Türkiyə G20 tərkibinə daxil olan türk dövlətidir. 795.95 milyard dollar ÜDM ilə 2021-ci il üzrə dünyanın ən böyük 21-ci ölkəsidir.[3]
1.3. Qazaxıstan
1991-ci ildə müstəqilliyini qazanan türk dövlətlərindən biri də Qazaxıstandır. Mərkəzi Asiyanın Xəzər dənizi sahilində yerləşir. Türk dövlətləri içərisində 2.7 milyon kv.kilometr ilə ən böyük əraziyə sahibdir. 19.13 milyon əhalisi var. Təbii sərvətlərlə zəngindir. Neft ehtiyatlarına görə dünyada 12-ci, qaz ehtiyatlarına görə 15-ci yerdədir. Çin və Rusiya kimi iki böyük güc mərkəzi ilə qonşu olması coğrafi mövqeyini əlverişli edir. 1997-ci ildə qəbul edilən “2030 Strategiyası” ilə 2012-ci ildə dünyanın ÜDM həcminə görəən çox inkişaf etmiş 50 ölkəsi səviyyəsinə yüksəlib. “2050 İnkişaf staregiyası” ilə dünyanın ən inkifat etmiş 30 ölkəsi arasında olmağı hədəfləyir. İxracatda əsasən xammal və yarı-emal məhsulları üstünlük təşkil edir ki, bunlar arasında da neft və neft məhsulları, qaz, mis, dəmir metallar, buğda, kimyəvi elementlər çoxluq təşkil edir. BVF-nun “Dünya İqtisadi Görünüşü(Oktyabr 2021)” hesabatına əsasən, 2021-ci il ÜDM-i 194.02 milyard dollardır.
1.4. Türkmənistan
Zəngin qaz ehtiyatlarına görə dünyada 4-cü sırada olan Türkmənistanın 6 milyon əhalisi var. Türkmənistan kənd təsərrüfatı ölkəsidir. Pambıq və buğda istehsalında önə çıxan ölkədə əməkqabiliyyətli əhalinin yarıya qədəri bu sektorda fəaliyyət göstərir. Buna rəğmən kənd təsərrüfatı ÜDM-nin təxminən 8%-ni təşkil edir, gəlirlərin 50%-dən çoxunu isə qazın satışından daxilolmalar təşkil edir. İxracatda əsas məhsulları təbii qaz və pambıqdır.
1.5. Özbəkistan
Mərkəzi Asiyanın mərkəzində yerləşən Özbəkistan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Əfqanıstanla həmsərhəddir. 448,978 km2ərazisinin 46%-i yayla və çöllərdən, 41%-i səhra, 10%-i kənd təsərrüfatı üçün yararlı, 3%-i isə meşəlik ərazilərdir. Kənd təsərrüfatına yararlı ərazilərinin 95%-i suvarıla bilən torpaqlardır. Özbəkistanda 100-dən artıq yeraltı mədən çeşidi var. Bunlar arasında qızıl, mis, gümüş, uran əsas yer tutur. 2020-ci ildə qızıl istehsalında dünyada 8-ci yerdə olub.[4]
2020-ci ildə Özbəkistanın xarici ticarət dövriyyəsi 33.3 milyard dollar olmuşdur ki, bunun 20 milyardı idxal, 13.3 milyardı isə ixrac təşkil edir.[5]Özbəkistan ixracında 2019-cu il ərzində əsas mallar qızıl, neft qazları, pambıq ipliyi, rafinə edilmiş mis və onun ərintiləri, etilen polimerləri, pambıq, gümüş, üzüm, emal olunmamış sink,meyvələr(albalı, ərik, şaftalı, gavalı) olub.İdxalında isə neft yağları, avtomobillər, dərmanlar, mis konsentratları, telefon cihazları, buğda və.s təşkil edir.
34.45 milyon əhalisi olan Özbəkistanda 2021-ci il üzrə real ÜDM artımı 6.1%, ÜDM həcmi 65.5 milyard dollardır.
1.6. Qırğızıstan
1991-ci ildə müstəqillik qazanan Qırğızıstanda sovet hakimiyyətinin dağılması ilə SSRİ qaynaqlarından məhrum qalmış, dövlət xərcləri artmışdır. Bunun nəticəsində 1991-1995-ci illərdə ÜDM 1990-lardakı səviyyənin yarısına düşmüş, hiperinflasiya olmuş, real gəlirdə eniş və işsizliyin artması ilə yoxsulluq səviyyəsi yüksəlmişdir. 1993-cü ildə milli valyuta dövriyəyə buraxıldı, ticarət qanunvericiliyi ilə kənd təsərrüfatında islahatlar aparıldı, dövlət əmlakı özəlləşməyə açıldı, azad ticarət rejimi qəbul edildi. Bunun sayəsində 1996-cı ildən ölkə iqtisadiyyatı normallaşmağa başladı. Qırğızıstan iqtisadiyyatında kənd təsərrüfatı və mədən sənayesi əsas ağırlıqlı sahələrdir. Kənd təsərrüfatında əsas mallar pambıq, ət və yundur ki, bunlardan sadəcə pambıq ixrac olunur. Dənizə çıxışının olmaması və idxalatdan asılılığı köhnə sovet respubliklarından başqa digər ölkələrlə iqtisadi əlaqələrinə əngəl olmuşdur. 1997-ci ildə artan qızıl ixracı ilə dünya bazarına çıxmışdır. 1998-ci ildə ÜTT-yə üzv olmuşdur.
6.65 milyon əhalisi olan Qırğızıstanda 2021-ci il ərzində real ÜDM artımı 2.1% olmaqla ÜDM həcmi 8.15 milyard dollardır.
2.Türk dövlətlərinin iqtisadi əlaqələri
1991-ci ildə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın dövlət müstəqilliyini qazanmasından sonra Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında eyni problemlər vardı-planlı iqtisadiyyat dağılmış, bazar iqtisadiyyatına yeni keçilmiş, xarici iqtisadi əlaqələr çox zəif olmuşdur. 2000-ci illərdən başlayaraq bu ölkələrin iqtisadiyyatında inkişaf sürətlənmiş, bunun nəticəsində xarici iqtisadi fəaliyyət həcmi artmışdır. Azərbaycan və Mərkəzi Asiya ölkələrində müstəqilliyin ilk 10 ilində sosial, mədəni, siyasi, iqtisadi sahələrdə bərpa və yenidənqurma ilə, ikinci onillik isə inkişaf və müasir dünya ilə inteqrasiya səyləri ilə keçib. Əsasən xammal ixracında ixtisaslaşmış bu ölkələrdən fərqli olaraq Türkiyə emal sənayesi məhsulları ilə dünya bazarında təmsil olunur. Etnik, mədəni, dil bağlarını da nəzərə alaraqenerji resurslarına və xammala ehtiyacı olan Türkiyə ilə emal sənayesinin inkişafına ehtiyacı olan Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Türk dövlətləri arasındakıiqtisadi əlaqələr əsasən xarici ticarət sahəsində üstünlük təşkil edir. Azərbaycanın türk dövlətləri ilə xarici ticarətin əsas strukturu olan gömrük sahəsində ikitərəfli vergi tutulmasının aradan qaldırılması, ticarət həcminin artırılması, gömrük rüsumlarının ləğv edilməsi üçün əməkdaşlıq yaranmışdır. Azərbaycan 26 fevral 1992-ci ildə Özbəkistanla, 18 mart 1996-cı ildə Türkmənistan ilə, 10 iyun 1997-ci ildə Qazaxıstan ilə, 12 yanvar 2004-cü ildə Qırğızıstan ilə ikitərəfli Azad Ticarət Sazişi, 25 fevral 2020-ci ildə isə Türkiyə ilə Preferensial Ticarət Sazişi bağlamışdır.
Statistikaya baxıldığında türk dövlətləri arasındakı xarici ticarətin hələ də önəmli bir səviyyəyə yüksəlmədiyi görülməkdədir. Xüsusilə də Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələri ümumi ticarət dövriyəsində çox aşağıdır. Azərbaycanın 2001-ci il üzrə cəmi ixracı 2.3 milyard dollar olduğu halda türk dövlətlərinə ixracı 89.4 milyon dollar olub ki, bu da cəmi ixracın 3.89 faizini təşkil edir. 2004-cü ildə 3.6 milyard dollarlıq ixracın 338.5 milyonu, yəni 9.36%-i türk dövlətlərinin payına düşür. Cədvəl 1-dən göründüyü kimi ixrac əməliyyatlarında Türkiyə əsas yer tutur. Türkiyəyə əsas ixrac məhsulları neft və qazdır.
Cədvəl 1. Azərbaycanın türk dövlətlərinə ixracı(milyon ABŞ dolları)
İllər Türkiyə Qazaxıstan Türkmənistan Özbəkistan Qırğızıstan Cəmi
2001 67.4 6.6 12 3.1 0.3 89.4
2004 182.6 9.4 143.4 2.8 0.3 338.5
2008 626.2 290.2 21 7.5 3.6 948.5
2012 600 52.9 58.9 11.5 26.7 750
2016 1185 26.3 113.8 3.4 5.6 1334.1
2020 2598 26 19 23 1.8 2667.8
Mənbə: comtrade.un.org
İdxal üzrə statistikaya baxdıqda da eyni mənzərəni görmək mümkündür. 2001-ci il ərzində 1.4 milyard dollarlıq idxalın 390.4 milyonluq hissəsi, 2004-cü ildə 3.5 milyard idxalın 657.2 milyonu, 2008-ci ildə 7.2 milyard dollarlıq idxalın 1.1 milyard dolları, yəni 15.2 faizi türk dövlətlərinin payına düşür. Cədvəl 2-yə əsasən Azərbaycana ən çox idxal Türkiyədən olmuşdur. Türkiyədən əsasən idxalda elektrikli maşın və avadanlıqları, mebel, tekstil məhsulları üstünlük təşkil edir.
Cədvəl 2. Azərbaycanın türk dövlətlərindən idxalı(milyon ABŞ dolları)
İllər Türkiyə Qazaxıstan Türkmənistan Özbəkistan Qırğızıstan Cəmi
2001 148.2 99.5 135.2 6.1 1.4 390.4
2004 225 236.7 114.4 79.7 1.4 657.2
2008 807.3 200 51.6 22.4 1.3 1082.6
2012 1520 340.6 32.7 8 2.2 1903.5
2016 1181 98.1 38.4 12 1.1 1330.6
2020 1563 116 90 59 3.6 1831.6
Mənbə: comtrade.un.org
2020-ci ildə xarici ticarətin gömrük statistikasına baxanda Azərbaycanın ümumi ixracında Türkiyə 18.91%, Qazaxıstan 0.19%, Türkmənistan 0.14%, Özbəkistan 0.17%, Qırğızıstan 0.01%, ümumi idxalında Türkiyə 14.57%, Qazaxıstan 1.08%, Türkmənistan 0.84%, Özbəkistan 0.55%, Qırğızıstan isə 0.03% olub.[6]
Qrafik 1. Azərbaycanın2020-ci il ərzində ixrac və idxalı(milyon dollarla)
Mənbə: customs.gov.az
Qrafik 1-dən görünür ki, Azərbaycanın ticarət dövriyyəsi Mərkəzi Asiyanın türk dövlətləri ilə müqayisədə Türkiyə ilə böyük həcmdədir.
Türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin inkişafına mane olan amillər var. Dikkayaya görə bu səbəblərdən biri də nəqliyyat infrastrukturunun olmamasıdır. Onun fikrincə türk dövlətləri arasında nəqliyyat problemlərinin olması Rusiyanın Azərbaycan və Mərkəzi Asiya ölkələrində ticari fəallığını artıran əsas amillərdən biridir. [7] Nəqliyyat problemini aradan qaldırmaq üçün 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu xətti, 2018-ci ildə TANAP qaz xəttinin açılışı ilə Azərbaycanın nəqliyyat mərkəzi olaraq inkişaf etmək, Türkiyənin Avropa-Asiya arasındakı mövqeyini gücləndirmək və Mərkəzi Asiyanın türk dövlətlərinə yaxınlaşmasına imkan verdi. Beləliklə, türk dövlətlərinin vahid birlik şəklində təmsil olunmaq zərurəti yarandı.
2.1. Türk Şurasının iqtisadi əməkdaşlıqda rolu
Hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək üçün 2009-cu ildə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə beynəlxalq təşkilat kimi Türk Şurası yaradıldı. Şuranın əsas məqsəd və vəzifələrinin iqtisadiyyata aid hissələri aşağıdakılardır:
-Ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;
-Ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;
-Hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;
-Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi.
Türk Şurası üzv ölkələrin bir-biriylə və dünya ilə iqtisadi əməkdaşlığı gücləndirməsində mühüm əhəmiyyəti var. Bu baxımdan Şuranın ilk Zirvə Görüşü 20-21 oktyabr 2011-ci ildə “İqtisadi əməkdaşlıq” mövzusu altında keçirilmişdir. Bu sahədə “İnvestisiya mühitinin yaxşılaşdırılması”, “İqtisadiyyatın şaxələndirilməsi” və “Sahibkarlıq iqtisadi əlaqələrin əsası kimi” mövzularında üç İşçi Qrup mütəmadi olaraqfəaliyyətlərini davam etdirir.[8]Türk Şurasının mövcud olduğu illər ərzində Azərbaycan üzv dövlətlərə 18 milyard dollardan çox investisiya yerləşdirib. Azərbaycana isə eyni müddətdə üzv ölkələrdən 13 milyard dollardan çox investisiya daxil olub. İnvestisiya həcminin artırılması üçün Türk İnvestisiya Fondunun yaradılması barədə danışıqlar aparılır.
2019-cu ildə Özbəkistan da Şuraya üzv oldu. Türk dövlətlərindən sadəcə Tükmənistan üzv deyil. Türkmənistanın da üzv olması ilə türk dövlətlərinin birliyi daha da güclənəcək, 161.04 milyon əhali, 1.17 trilyon dollar ÜDM həcmi ilə dünyada böyük güc səviyyəsinə yüksələcək.