Ağ Evdəki davadan sonra tərəflərdən yeni açıqlamalar gəlib. ABŞ prezidenti Donald Tramp “Zelenski dərhal masaya qayıtmaq istəyir, amma buna icazə verə bilmərəm” deyərkən, Zelenski isə “Mən səhv bir şey etməmişəm” deyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdən çıxarkən mətbuata açıqlama verib.
Zelenski ilə görüşünün yaxşı getmədiyini bildirən Tramp, “Biz barışmayacaq birini yox, sülh axtarırıq. On illik müharibəyə girib oyun oynamaq istəmirik” deyib.
Tramp Zelenskinin barışmaq istəyən bir adam kimi görünmədiyini müdafiə edərək, “Mən dərhal sülh istəyirəm. Prezident Putin də bunu etmək istəyəcək. Bu adam bizim döyüşməyə davam etməyimizi istəyir” deyib.
“Birdən o, böyük bir insan oldu, çünki ABŞ onun yanındadır” deyən Tramp Zelenski haqqında “Ya onun işini bitirəcəyik, ya da döyüşməsinə icazə verəcəyik. Əgər o, döyüşsə, bu, xoş olmayacaq, çünki bizsiz qalib gələ bilməz” deyib.
Zelenski debatdan sonra ABŞ mətbuatına verdiyi müsahibədə Trampa və amerikalılara hörmət etdiyini və üzr istəməyi tələb edən heç bir səhv etmədiyini bildirib. “Heç kim müharibəni bizdən çox bitirmək istəmir” deyən Zelenski, ədalətli razılaşma və təhlükəsizlik zəmanəti istədiklərini vurğulayıb.
Nuranə Məmmədova