NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya prezidenti Vladimir Rutin hər hansı müttəfiqə hücum edərsə, cavab “dağıdıcı” olacaq.
Elchi.az xəbər verir ki, Rutte sabah keçiriləcək və ABŞ-ın yeni müdafiə naziri Pit Heqsetin ilk dəfə qatılacağı Müdafiə Nazirləri Toplantısı öncəsi mətbuata açıqlamalar verib.
Avropanın müxtəlif kəşfiyyat agentliklərinin hesabatları fonunda NATO -nun Rusiyanın mümkün hücumuna hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Rutte təsdiqləyib ki, alyans cavab vermək üçün “yaxşı vəziyyətdədir”.
“Əgər Putin NATO-ya hücum etsə, cavab dağıdıcı olacaq. O, uduzacaq. Ona görə də qoy buna cəhd etməsin”, – Rutte deyib.
Müdafiə xərcləri hədəfi
Rutte sabahkı iclasda müdafiə xərclərinin artırılmasının gündəmin zirvəsində olacağını qeyd edərək, bəzi Avropa ölkələrinin “daha çox” xərcləməsi lazım olduğunu bildirib.
Rutte uzunmüddətli perspektivdə NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirmək üçün müdafiə xərclərinin və istehsalın sürətlə artırılmasına ehtiyac olduğunu və müttəfiqlərin müdafiə xərclərini ümumi daxili məhsulunun (ÜDM) 3 faizindən yuxarı artırmasını gözlədiyini bildirib.
Rutte, yeni hədəfin müəyyənləşdirilməsi üçün müzakirələrin hələ də davam etdiyini bildirib və hədəf razılaşdırıldıqdan sonra onun üzv dövlətlər tərəfindən “vaxt itirmədən” həyata keçirilməli olduğunu vurğulayıb.
“Biz bunu ABŞ prezidenti Donald Trampın bizdən istədiyi üçün deyil, 1 milyard insanın təhlükəsizliyini qorumaq üçün özümüzü müdafiə etməliyik”, – Rutte deyib.
Müttəfiqlər Ukraynaya dəstəkdə “bərabər” olmalıdırlar
Rutte NATO müttəfiqlərinin 2022-ci ildən bəri Ukraynaya “görünməmiş” dəstək verdiyini qeyd edərək, indiyədək 50 milyard avrodan çox yardım edildiyini bildirib.
Rutte Kiyevi dəstəkləməyə davam edəcəklərini bildirib, lakin o, hərbi və maliyyə yardımında müttəfiqlər arasında yükü “bərabərləşdirmək” mövzusunda Trampla razılaşdığını qeyd edib.
Nuranə Məmmədova