Rusiya məhkəməsi Google-u Rusiya media kanallarının məzmununu blokladığına görə şirkətə təxminən 20 decillyon dollar məbləğində astronomik cərimə ödəməyə məcbur edib. Bu məbləğ Dünya Bankının qlobal ÜDM-in təxminlərindən az qala milyonlarla dəfə çoxdur.
Elchi.az xəbər verir ki, Google-un bu məbləği ödəmək qabiliyyəti planetin mövcud resurslarından kənara çıxır. Şirkət ən son rübdə 88 milyard dollar gəlir elan etsə də, bu məbləğ cəriməni ödəməkdən uzaqdır.
Sözügedən cərimə 2020-ci ildə ultra-millətçi Rusiyanın Tsargrad kanalının ABŞ sanksiyaları səbəbindən YouTube-a qadağa qoyulmasından sonra başlayan dörd illik hüquqi prosesdən sonra hesablanıb.
Rusiyanın 2022-ci ildə Ukraynaya qeyri-qanuni müdaxiləsindən sonra daha çox rus kanalı qadağan olunduğundan, müdafiə nazirliyinə bağlı Zvezda da daxil olmaqla 17 media təşkilatı Google-a qarşı iddia qaldırıb.
Rusiyada məhkəmə Google-u bu silinmiş kanalları YouTube platformasında bərpa etməyə məcbur edib və hər gün üçün 100 min rubl (təxminən 1025 dollar) cərimə kəsib.
“Rəqəmlərlə dolu dava” kimi təsvir edilən bu cərimə hər həftə uçqun kimi getdikcə böyüyürdü.
Google 2022-ci ildən Rusiyada faktiki olaraq fəaliyyət göstərmir və ölkədəki bank hesablarına həbs qoyulduqdan sonra müflis olduğunu elan edib.
Şirkətin Rusiyadakı işçilərinin bir hissəsi başqa ölkələrə köçərkən, işçilərin bir qismi ixtisar edilib.
Rusiya hazırda bütün dünyada Google-un aktivlərini ələ keçirmək üçün mübarizə aparır, lakin hələlik ciddi irəliləyiş əldə olunmayıb.
Alphabet-in son qazanc hesabatına görə, “Rusiyanın məhkəmə çəkişməsi şirkətə ciddi maddi təsir göstərməyəcək”.
Google məsələ ilə bağlı şərh verməyib.
Şayəstə Hüseynova