İsrailin 471 günlük hücumlarından sonra atəşkəsin əldə edildiyi Qəzza zolağında son 24 saatda biri dağıntılar altından çıxarılan iki fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.
Elchi.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yanvarın 19-da İsrail ilə Həmas arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.
Açıqlamada biri dağıntılar altından çıxarılan 2 nəfərin cansız cəsədinin son 24 saatda xəstəxanalara çatdırıldığı, 2 nəfərin isə yaralandığı bildirilib.
2023-cü il oktyabrın 7-dən yanvarın 19-da atəşkəsə qədər davam edən İsrailin Qəzza zolağına hücumlarında həyatını itirən fələstinlilərin sayının artaraq 48 min 348, yaralıların sayının isə 111 min 761 olduğu bildirilib.
HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir.
Fevralın 11-də Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş verdiyi yazılı açıqlamada, atəşkəs razılaşmasından sonra İsrailin Qəzza zolağına birbaşa hücumları nəticəsində 92 fələstinlinin həyatını itirdiyini açıqlayıb.
Nuranə Məmmədova