Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina 24 ədəd “Orlov” cinsindən olan at hədiyyə göndərib.
Elchi.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti yazıb.
19 ayğır və 5 madyandan ibarət sürü Primorsk diyarından dəmir yolu ilə “Xəsan” keçid məntəqəsi vasitəsilə göndərilib.
Məlumata görə, bundan əvvəl atlar Vladimir vilayətində karantinə alınıb. Təhlükəni aradan qaldırmaq və mənşənin saflığını təsdiqləmək üçün hamısı çiplənmişdir.
Qeyd edək ki, “Orlov” atı Kimin sevimli cinsidir. Putin ilk dəfə deyil ki, ona belə atları hədiyyə edir. 2022-ci ildə Pxenyana 30 at gətirilib. Şimali Koreya liderinin mütəmadi olaraq onların üzərində oturaraq fotoları çəkilir. Məsələn, dövlət xəbər agentliyi “KCNA” Kimin ağ at sürərək Koreya yarımadasındakı ən yüksək dağ olan Paektusana (2744 metr) necə qalxması barədə xəbər dərc edib.
Rəsmi ticarət hesabatlarına görə, Şimali Koreya 2020-2023-cü illər arasında Rusiyadan gələn damazlıq atlara ən azı 600 min dollar xərcləyib.
Seul mediası xəbər verir ki, döyüş atlarının yeni partiyası Şimali Koreyanın Ukraynadakı müharibə üçün Rusiyaya verdiyi artilleriya mərmilərinin ödənişinin bir hissəsidir. Cənubi Koreya hərbi kəşfiyyatının məlumatına görə, 2022-ci ilin ortalarından etibarən Pxenyan Moskvaya 13 min konteyner silah, o cümlədən 6 milyon 152 mm-lik artilleriya mərmisi göndərib. Üstəlik, tədarüklərin yarısı bu ilin fevralından sonra həyata keçirilib.
Yeganə