Prezidentin iki mühüm qərarı iqtisadiyyatı böhrandan çıxaracaqmı...

🗓 27.11.2015 10:19 ✍️ "Elçi" qəzeti
Prezidentin iki mühüm qərarı iqtisadiyyatı böhrandan çıxaracaqmı...
Prezidentin iki mühüm qərarı iqtisadiyyatı böhrandan çıxaracaqmı... Vüqar Bayramov: “Dövlət daxili borclanmaya üstünlük verir və bu yolla çalışır ki, xarici borcların həcmi artmasın”
 
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il Dövlət Büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişikliyə görə, 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 3 dəfə artırılaraq 1,5 milyard manatdan 4,5 milyard manata qaldırılıb. Dəyişiklik 2015-ci il iyulun 15-dən tətbiq ediləcək.
Bundan başqa, prezident İlham Əliyev “Azərbaycan Mərkəzi Bankı haqqında” Qanunda da dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Yeni qanunla Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata çatdırılıb. Sərəncama əsasən, Mərkəzi Bankın funksiyalarına ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib etmək, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin etmək məsələsi də daxil edilib.
Daxili dövlət borclarının limitinin 3 dəfə atırılmasının arxasında hansı məqsədlər dayanır? Bu dəyişiklik manatın məzənnəsinin saxlanılması üçün faydalı olacaqmı?
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı alim Vüqar Bayramov bu qərarın xarici borcların həcminin azaldılmasına yönəldiyini bildirdi: “Daxili dövlət borclanmasının limitinin artırılması dövlət qurumlarının daxili mənbələrdən borclanmasını nəzərdə tutur. Nəzərə alsaq ki, Azərbaycan qanunverciliyinə əsasən dövlət borcu, xarici dövlət borcu və daxili dövlət borcu kimi iki kateqoriyada qruplaşdırılır. O cümlədən maliyyə resurslarının cəlb edilməsi üçün lazım olan mənbələrdən də biri daxili dövlət borcudur. Azərbaycanda daxili və xarici dövlət borcunun maksimum limiti məhz ölkə prezidenti tərəfindən qanunla müəyyənləşdirilir. O limitin artırılıb azaldılması isə qanuna edilən dəyişikliklə mümkündür. Azərbaycanda daxili dövlət borcu ”Dövlət borcları haqqında" Qanunla tənzimlənir. Mövcud qanunvericiliyə əsasən daxili dövlət borcu Azərbaycan Respublikası adından, Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə borcdur".
İqtisadçı alimin sözlərinə görə, qanunun məqsədi daxili və xarici borcun maksimum limitinin müəyyənləşdirilməsidir: “Daxili dövlət borcu daxili rezidentlərlə bağlanır. Bunlar həm vətəndaşlarla , həm dövlət qurumları ilə bağlanan müqavilələrdir. Daxili və xarici dövlət borcunun yuxarı hədləri milli valyuta olan manatla müəyyənləşdirilir. Burada əsas məqsəd cəlb edilə biləcək daxili və xarici borcun maksimum limitinin müəyyənləşdirilməsidir. İndiki halda maksimum məbləğ 4,5 milyard manatdırsa, bu o deməkdir ki, 2016-cı ildə daxili mənbələrdən 4,5 milyard manat borc cəlb edilə bilər.
Bu, həm rezidentlərlə bağlanmış müqavilələr əsasında cəlb edilən vəsaitlərdir, həm  daxili maliyyə bazarına dövlət  qurumları tərəfindən qiymətli kağızların buraxılması yolu ilə daxil olan vəsaitlərdir”.
 
Qanunun ölkə iqtisadiyyatına verəcəyi faydalardan danışan V.Bayramov qeyd etdi ki, praktik olaraq daxili dövlət borcunun artırılması bir tərəfdən də xarici borc limitinin tənzimlənməsinə imkan verəcək:  “Bu baxımdan demək olar ki, dövlət daxili borclanmaya üstünlük verir və bu yolla maliyyə vəsaitinə olan tələbini ödəməyə çalışır. İndiki məqamda bu qərar ölkə iqtisadiyyatı üçün mənfi nəticələrə gətirib çıxarmayacaq. Əgər daxili borclanma qiymətli kağızlar bazarında  qiymətli kağızların emissiyası formasında olacaqsa, bu bazarın aktivləşməsinə gətirib çıxaracaq. Bu baxımdan daxili borclanmanın da növlərinin müəyyənləşdirilməsinə ehtiyac var. Daha yaxşı olar ki, artırılmış limit daxilində qiymətli kağızlar bazarına müdaxilə vasitəsilə hökumət daxili borclanmaya getsin ki, bu da gələcəkdə iqtisadiyyata mənfi təsir etməsin”.
Mərkəzi Bankın nizamnamə kapitalının 50 dəfə artırılaraq 500 milyon manata çatdırılmasına gəlincə, iqtisadçı alim bildirdi ki, aprel ayında Mərkəzi Bank haqqındakı qanuna edilən dəyişiklikdən sonra bu  gözlənilən idi: “Burada əsas məqsəd AMB-nin likvidliyini yüksəltməkdən və bu quruma olan inamı artırmaqdan ibarət idi. Bu qurumun nizamnamə kapitalının artırılması vacib idi. Çünki likvidliyin artırılması Mərkəzi Banka imkan verir ki, kommersiya banklarına daha çox dəstək verə bilsin. Bu həm mərkəzləşmiş  kredit resurslarının həcmində özünü göstərəcək, eyni zamanda kommersiya banklarına birbaşa maliyyə dəstəyinin artırılmasına zəmin yaradacaq.
Mərkəzi Bankın nizamnamə kapitalının artırılması həmçinin onun daxili və xarici bazarda daha fəal iştirak etməsinə şərait yaradacaq. Eyni zamanda bu imkan verəcək ki, AMB xüsusən xarici bazarlardan daha  çox vəsaitin cəlb edilməsini həyata keçirə bilsin. Bu baxımdan nizamnamə kapitalının artırılması müsbət haldır və Mərkəzi Bank çalışmalıdır ki, nizamnamə kapitalının 50 dəfə artırılmasından istifadə etməklə daha çevik alətlərdən faydalanaraq, həm məzənnə, həm bank, həm də pul-kredit siyasətinə töhfə verə bilsin. Çünki bu artıq Mərkəzi Banka əlavə rıçaqların verilməsi deməkdir və təbii ki, ABM bu rıçaqlardan istifadə etməklə pul-kredit siyasətinə təsir etməyə çalışmalıdır.
 
Əgər Mərkəzi Bank xarici valyuta bazarlarından vəsait cəlb edə biləcəksə, bu yolla manatın məzənnəsinə də təsir göstərə bilər. Manatın məzənnnəsi daha çox ABM-in xarici valyuta ehtiyatlarından asılıdır. Mərkəzi Bank  xarici valyuta ehtiyatları ilə bazara intervensiya edir. Bu, indiki hal üçün müsbət addımdır, lakin növbəti mərhələdə bu, Mərkəzi Bankın nizamnamə kapitalının artırılmasından necə faydalanmasından asılı olacaq".

Bənzər yazılar