BMT-də Çindən Əfqanıstana açıq mesaj!

🗓 08.07.2025 16:15 ✍️ "Elçi" qəzeti
BMT-də Çindən Əfqanıstana açıq mesaj!

Çin BMT-yə müraciətində beynəlxalq ictimaiyyəti Əfqanıstana yardımı artırmağa və birtərəfli sanksiyaları ləğv etməyə çağırıb.
Elchi.az xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq beynəlxalq ictimaiyyəti Əfqanıstandakı vəziyyəti hərtərəfli və obyektiv qiymətləndirməyə çağırıb.
"Əfqanıstan hazırda sülh yolu ilə yenidən qurulmasının kritik mərhələsindədir. Ölkədə sabitlik əldə olunub, iqtisadiyyatı tədricən bərpa olunur və digər ölkələrlə ünsiyyət günü-gündən aktivləşir. Bununla belə, o, hələ də humanitar yardım, inkişaf, insan haqları, terrorizmlə mübarizə və qadın hüquqları kimi sahələrdə ciddi problemlərlə üzləşir", - deyə BMT Baş Assambleyasının sədri Qenq bildirib.
Beynəlxalq ictimaiyyətin bu ölkədəki vəziyyəti bütün aspektlərdən obyektiv qiymətləndirəcəyinə ümid etdiklərini ifadə edən Qenq Əfqanıstandakı mövcud vəziyyətə tarixən cavabdeh olan ölkələrin əfqan xalqına dəstək üçün maliyyə yardımlarını artırmalı olduqlarını vurğulayıb.
Qenq həmçinin bütün tərəfləri ikitərəfli, çoxtərəfli və regional əməkdaşlıq mexanizmləri vasitəsilə Əfqanıstanın müstəqil inkişaf potensialını gücləndirməyə və ölkənin qlobal iqtisadiyyata inteqrasiyasına kömək etməyə çağırıb.
Qenq Şuanq ölkəyə qarşı tətbiq edilən qeyri-qanuni birtərəfli sanksiyaların ləğvi və xaricdə dondurulmuş əfqan aktivlərinin qeyd-şərtsiz qaytarılması çağırışını təkrarlayıb.
Beynəlxalq ictimaiyyətin Əfqanıstanın müvəqqəti hökuməti ilə təmaslarını gücləndirməkdə və qadınların və qızların əsas hüquq və mənafelərini qorumaq üçün tədbirlər görməyə təşviq etməkdə Əfqanıstanın müvəqqəti hökumətini dəstəklədiyinə işarə edən Qenq, terrorizmlə mübarizədə ikili standartlara və seçici təcrübələrə qətiyyətlə qarşı çıxmalı olduğunu və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın təşviq edilməli olduğunu vurğulayıb.
İclasda Əfqanıstandakı mövcud vəziyyətlə bağlı qətnamə layihəsi qəbul edilib. Lakin Çin, Rusiya, Hindistan və İran da daxil olmaqla 12 ölkə bitərəf qalıb. Qenq Şuanq bildirib ki, qətnamə mətnində bəzi mühüm fikirlər öz əksini tapmayıb.

 

Nuranə Məmmədova

 

Bənzər yazılar