Perunun müxtəlif bölgələrində iyul ayından bəri davam edən meşə yanğınlarında ilkin məlumatlara görə, 15 nəfər həyatını itirib, 3 min hektardan çox becərilən kənd təsərrüfatı sahəsi və təbii ərazilər yanıb.
Elchi.az xəbər verir ki, Peru Mülki Müdafiə rəsmilərinin verdiyi açıqlamaya görə, iyul ayından bu yana yanğınlar nəticəsində 15 nəfər həyatını itirib, onlardan 10-u son iki həftədə baş verib.
Səlahiyyətlilər yanğınlar nəticəsində 98 nəfərin xəsarət aldığını, 334 iribuynuzlu heyvanın tələf olduğunu, ən azı 3 min hektar əkin sahəsinin və təbii ərazilərin külə döndüyünü bildirib.
Səlahiyyətlilər yanğınların bəzilərinin Amazon bölgələrində olduğunu və bunun müdaxiləni çətinləşdirdiyini, buludların, tüstünün və küləyin havadan yanğınlara müdaxiləsini çətinləşdirdiyini qeyd edib.
Perunun baş naziri Qustavo Adrianzen mətbuata verdiyi açıqlamada yanğınların “insan hərəkətləri nəticəsində” başladığını və ölkədəki 24 bölgədən 22-nin bu yanğınlardan zərər çəkdiyini bildirib.
Peru Milli Meşə və Vəhşi Təbiət Xidmətinin (SERFOR) eksperti Romina Liza da iqlim dəyişikliyinin yanğınların şiddətlənməsinə təsir etdiyini müdafiə edərək, “Şiddətli küləklər və uzunmüddətli quraqlıqlar bitki örtüyünü qurudur və onu çox yanan bir hala gətirir. Bu, yanğın sahəsinin daha sürətlə genişlənməsinə səbəb olur”. deyib.
Şayəstə Hüseynova