İsrailin baş naziri Benyamin Netanyahu Yəməndə İranın dəstəklədiyi husilərə qarşı şiddətli əməliyyata başlayacaqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahu ölkənin şimalındakı Safed şəhərində İsrail Təhlükəsizlik Kabinetinin iclasından sonra yayımladığı videoda Yəməndəki husilərlə bağlı açıqlamalar verib.
Yəməndə husilərə qarşı “şiddətli əməliyyat” keçirəcəklərini söyləyən Netanyahu, “Husilərin bölgədə İranın vəkil qüvvələrinə qarşı hərəkətə keçdiyi kimi, biz də onlara qarşı tədbir görəcəyik” deyib.
“Birləşmiş Ştatlar və bizim kimi digər ölkələr də husiləri təkcə beynəlxalq gəmiçilik üçün deyil, həm də dünya nizamı üçün təhlükə olaraq görürlər” Benyamin Netanyahu deyib.
Yəməndə İranın dəstəklədiyi husilər dekabrın 19-da İsrailin Yaffa şəhərində iki hərbi obyektin “Fələstin 2” tipli ballistik raketlərlə vurulduğunu açıqlayıb.
İsrail ordusu radiosu Husilərin Yaffaya raket hücumundan sonra İsrail ordusunun 14 döyüş təyyarəsi ilə Yəməndə 5 hədəfə çoxsaylı bombalı hücumlar təşkil etdiyini bildirib.
İsrail ordusundan verilən açıqlamada Husilərin həyata keçirdiyi hücumda Tel-Əviv yaxınlığındakı Ramat Qan şəhərində bir məktəbə ziyan dəydiyi bildirilib.
Şayəstə Hüseynova