Hərbi Prokurorluq tərəfindən “Tərtər işi” ilə bağlı cinayət işi başlandıqdan və bu məsələ Baş Prokurorluq tərəfindən nəzarətə götürüldükdən sonra MN ətrafında böyük ajiotaj yarandı.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid – red.) həbsindən sonra ictimai diqqət yenə də bu məsələyə yönəlib. Nəticə etibarilə, MN-də böyük bir korrupsiya şəbəkəsinin kök saldığına dair iddialar səngimək bilmir, hətta bu iddialar günü-gündən artmaqda davam edir.
Hazırda isə cəmiyyəti sırada kimlərin həbs olacağına dair suallar düşündürür. Rüşvət və korrupsiya şəbəkəsinin MN-də kök salması ilə bağlı səsləndirilən iddialar nə dərəcədə doğrudur? Başda nazir və digər məsul şəxslər bu cür mənfi hallara niyə göz yumublar? MN-dəki həbslərin daha yüksək rütbəli zabitləri əhatə etməsi mümkündürmü?
Yenisabah.az-a danışan hərbi jurnalist Asəf Quliyev bildirib ki, MN-dəki rüşvət və korrupsiya şəbəkəsi yeni yaradılmayıb:
“Bu şəbəkə əvvəldən var olub. Sadəcə olaraq, zaman-zaman bunu aradan qaldırmaq cəhdləri olsa da, bu, mümkün olmayıb. Bilmirəm, bunu istəməyiblərmi, yoxsa insanlar dəyişib, lakin sistem köhnə sistem kimi qalıb, bunu demək çox çətindir. Çünki işin içində olmaq lazımdır.
Təbii ki, belə bir neqativ hal MN-də olub və çox təəssüf ki, bu gün də var. Əgər bu gün nazirlikdə işləyən kimlərsə həbs olunubsa, deməli, bu sistem hələ də var və kökü kəsilməyib”.
Həmsöhbətimizin fikrincə, buradakı sistemin işlənməsində hansısa əsgəri günahlandırmaq düz deyil:
“Söhbət yüksək rütbəli zabitlərdən gedir. Nazirlik elə bir qurum deyil ki, o, kənardan idarə olunsun, yaxud kimsə müdaxilə etsin və hansısa işi gizlin görmək mümkün olsun. Bu, hərbi strukturdur və burada hər şey nəzarət altındadır. Burada daxili və kənardan nəzarət mexanizmləri var. Çox güman ki, burada yüksək rütbəli zabitlərin iştirakı korrupsiya mexanizmində var və ümid edək ki, bunların üstü açılacaq təmizləmə işləri sona qədər aparılacaq”.
“44 günlük müharibədən sonra kadr islahatlarında müəyyən yeniliklər oldu, amma bu da hələ son deyil. Yəqin ki, kadr dəyişikliyi olacaq və bu hara qədər olacaq, nazirliyin birinci şəxsinidəmi əhatə edəcək, yoxsa onun ətrafındakılarmı dəyişəcək, bu, yalnız Silahlı Qüvvələrin Ali Baş Komandanının səlahiyyəti çərçivəsindədir”, – deyə A. Quliyev yekunlaşdırıb.