Keniya hökuməti ölkə daxilində “2024-cü il Maliyyə Qanunu”na qarşı keçirilən nümayişlərdə 42 nəfərin öldüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, Keniyanın daxili işlər naziri Kithure Kindiki Milli Assambleyada verdiyi açıqlamada etirazlar zamanı 42 nəfərin öldüyünü, 132 nəfərin itkin düşdüyünü, 1208 nəfərin həbs edildiyini bildirib.
Kindiki hökumətin zorakılıqda iştirak edənləri kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb etmək əzmini ifadə edib.
Etirazçılara atəş açan təhlükəsizlik qüvvələrini müdafiə edən Kindiki, “Parlamentin işğalı zamanı polis öldürücü güc tətbiq etməsəydi, bu gün mövcud olan Keniyaya heç vaxt sahib ola bilməzdik” deyib.
İyunun 18-dən başlayaraq ölkənin müxtəlif şəhərlərində 2024-cü il Maliyyə Qanun layihəsinə etiraz edən nümayişçilər əsasən gənclərdən ibarət olub.
Vergi artımlarına reaksiya vermək və iqtisadi siyasətlərlə bağlı narahatlıqlarını ifadə etmək üçün təşkil edilən etirazlara təhlükəsizlik qüvvələri müdaxilə edib və çox sayda insan saxlanılıb.
Hökumətin vergi tənzimləməsinə qarşı çıxan və parlament binasına daxil olan nümayişçilərə polisin atəş açması nəticəsində baş verən hadisələrdə çox sayda insan yaralanıb, bəziləri isə həyatını itirib.
Hadisələrdən sonra Keniya prezidenti Uilyam Ruto mübahisəli qanunu imzalamayaraq parlamentə geri göndərib.
Şayəstə Hüseynova