Soyqırıma məruz qalan İsrailin xarici işlər naziri Gideon Saar İranın nüvə proqramına qarşı “hərbi hücum variantının masada olması lazım olduğunu” iddia edərək, Tehranı hücumla hədələyib.
Elchi.az xəbər verir ki, Brüsseldə rəsmi səfərdə olan Saar “Politico” jurnalına müsahibəsində İranın nüvə proqramı ilə bağlı açıqlamalar verib.
Saar Donald Trampın ABŞ-da prezidentliyi dövründə İrana hücum ehtimalı ilə bağlı suala, “Məncə, İranın nüvə proqramını silah istehsalı mərhələsinə çatmamış dayandırmaq üçün masada etibarlı hərbi variant olmalıdır” – deyib.
Saar, İranın “bir neçə bomba” üçün kifayət qədər uranı zənginləşdirməyə nail olduğunu iddia edərək, İsrailin hərəkətə keçmək üçün çox vaxtının olmadığını deyib.
Digər tərəfdən ABŞ Prezidenti Tramp İranı “bombalamaq”dansa, onunla razılaşmağa üstünlük verəcəyini bildirsə də, ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Uols keçən həftə “bütün variantların” masada olduğunu və Vaşinqtonun Tehranın nüvə proqramının tamamilə ləğvindən başqa heç nə ilə kifayətlənməyəcəyini söyləyib.
ABŞ 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra İran həm zənginləşdirilmiş uran ehtiyatını artırıb, həm də uranı yüksək səviyyəyə qədər zənginləşdirməyə başlayıb.
Nuranə Məmmədova