İsrail mətbuatı “ABŞ-ın Qəzza sektorunu ələ keçirməsi” ideyasının prezident Donald Trampa məxsus olduğunu və onun bu planı iki aydan artıqdır ki, nəzərdən keçirdiyini iddia edib.
Elchi.az xəbər verir ki, İsrailin “Walla” xəbər saytına danışan adı açıqlanmayan ABŞ rəsmiləri Trampın Qəzza ilə bağlı açıqlamasını dəyərləndiriblər.
ABŞ prezidentinə yaxın mənbə iddia edib ki, “ABŞ-ın Qəzzanı ələ keçirməsi” Trampın öz ideyası olub.
Sözügedən mənbə bildirib ki, Tramp bu ideyanı 2 aydır nəzərdən keçirir.
Digər bir ABŞ rəsmisi isə Trampın “Qəzza ilə bağlı başqa heç kimin yeni ideyalarının olmadığı qənaətinə gəldikdən sonra öz planını təqdim etdiyini” iddia edib.
Wallanın hesabatında deyilirdi ki, Trampın ABŞ-ın Qəzzanı ələ keçirəcəyi ilə bağlı açıqlaması hətta ABŞ prezidentinin bəzi müşavirlərini də təəccübləndirib, eyni zamanda ifrat sağçı israilliləri həyəcanlandırıb.
Trampın komandasının yalnız bir neçə üzvünün Qəzza bəyanatından əvvəlcədən xəbərdar olduğu, İsrail nümayəndə heyətinin Ağ Evdə mətbuat konfransının keçirildiyi otağı sevinclə tərk etdiyi bildirilib.
Nuranə Məmmədova