İsrail həbsxanalarında saxlanılan Qəzza zolağı məhbuslarının şiddətli döyülmə, elektrik cərəyanı vurması, yemək və sudan məhrumetmə kimi ən dəhşətli həbs siyasətlərinə məruz qaldığı bildirilir.
Elchi.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Əsirlər və Azad Edilənlər Komitəsi və Fələstinli Əsirlər Dərnəyi İsrailin bəzi həbsxanalarında olan Qəzza məhbuslarını ziyarət etdikdən sonra birgə bəyanat yayıb.
Bəyanatda həbsxana sisteminin müxtəlif həbsxana və düşərgələrdə ən dəhşətli saxlama siyasətlərinə və şərtlərinə məruz qalan Qəzza məhbusları da daxil olmaqla məhbus və məhkumlara qarşı mütəşəkkil cinayətlər tətbiq etməyə davam etdiyi vurğulanıb.
Bəyanatda məhbuslara qarşı prosedurlarda vəhşilik və pozuntular baxımından məşhur “Sde Teiman” düşərgəsi və cənubdakı Negev Həbsxanasının ön sıralarda olduğu vurğulanaraq, vəziyyətin belə davam edəcəyi təqdirdə daha çox ölüm hallarının olacağı xəbərdarlığı edilib.
Açıqlamada 2023-cü il oktyabrın 7-də başlayan müharibədən bəri həyatını itirən onlarla Qəzzalı əsirdən əlavə bir neçə gün ərzində daha 4 məhbusun həyatını itirdiyi bildirilib.
İsrailin yüzlərlə Qəzzalı məhbusu zorla yoxa çıxarma cinayəti tətbiq etdiyinə diqqət çəkən bəyanatda, İsrail həbsxana rəhbərliyinin qeyri-qanuni döyüşçü kimi təsnif etdiyi məhbusların sayının mart ayının əvvəlində 1555-ə çatdığı qeyd edilib.
Bəyanatda Negev Həbsxanasındakı məhbusların rahatlaşa bilmək üçün tualetlərin olmaması səbəbindən ibtidai üsullardan istifadə etmək məcburiyyətində qaldıqları, ləyaqəti alçaldan və insanlığa sığmayan şəraitdə olduğu, həbsxanada dəri xəstəliklərinin, xüsusilə də qoturun geniş yayıldığı, sağlamlıq vəziyyətinin daha da pisləşdiyi vurğulanıb.
Bəyanatda Sde Teiman düşərgəsində məhbuslara qarşı işgəncə və pis rəftarın hələ də davam etdiyi, məhbusların ciddi qanun pozuntularına və ağır saxlanma şəraitinə məruz qaldığı vurğulanıb.
Bəyanatda beynəlxalq ictimaiyyətdən İsrailin fələstinli məhbuslara qarşı törətdiyi cinayətlərə görə məsuliyyət daşıması üçün dərhal hərəkətə keçməsi, həmçinin beynəlxalq təcrid və cəzasızlığa son qoyulması üçün İsrailə qarşı sanksiyaların tətbiq edilməsi tələb edilib.
Şayəstə Hüseynova