“İkinci devalvasiya borcluları “olum ya ölüm” dilemması qarşısında qoydu”
YAŞAYIŞ MİNİMUMUNUN TƏTBİQİ BARƏDƏ NÜMUNƏVİ İDDİA FORMASI (borcluların çörəkpulunun qorunması yolu)
Devalvasiyanın ikinci dalğası onsuz da ağır vəziyyətdə olan borcluları “olum ya ölüm” dilemması qarşısında qoydu. Məlum olduğu kimi, banklar icra məmurları vasitəsilə borcluların yaşayış minimumunu da əllərindən alır. Bunun qanunsuz olduğunu əvvəlki statuslarımda əsaslandırmış, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə məktub da yazmışam. Yaşayış minimumu əlindən alınan vətəndaşların məhkəməyə müraciət etməsini tövsiyə etmiş və nümunəvi formanı hazırlayacağımı söz vermişdim. Həmin formanı (3 sənəddir) təqdim edirəm. Burada formaların şəklidir, bu istinada http://ijs.az/legal-news/ daxil olaraq isə onların Word formatını da əldə etmək olar.
Niyə 3 formadır? Ona görə ki, iki haldan biri ola bilər.
Birinci hal – icra məmurunun gəlirinizin (əmək haqqı, pensiya) tutulması haqda qərarını aldığınız tarixdən 1 ay ötməyib. Bu halda birinci formadan (“Yaşayış minimumu barədə birbaşa iddia ərizəsi”) istifadə edin, yəni birbaşa məhkəməyə iddia ərizəsi ilə müraciət edin.
İkinci hal – icra məmurunun gəlirinizin tutulması haqda qərarını aldığınız tarixdən 1 ay ötüb. Bu halda əvvəlcə ikinci formadan (“Yaşayış minimumu barədə məktub”) istifadə edin, yəni ilkin olaraq icra məmurunun özünə müraciət edin. Ola bilər ki, icra məmuru könüllü olaraq qərarını ləğv etsin. Belə olmasa, üçüncü formadan (“Yaşayış minimumu barədə sonrakı iddia ərizəsi”) istifadə edin, yəni sonradan məhkəməyə iddia ərizəsi ilə müraciət edin. Burada vacib məqamı nəzərə alın. Ola bilər ki, icra məmuru 35 gün ərzində sizə rədd cavabı versin. Bu halda həmin rədd cavabı haqda məlumatı (formada qırmızı rənglə işarə olunub) da iddia ərizəsində göstərərək məhkəməyə müraciət edin. 35 gün ərzində icra məmuru cavab verməsə, iddia ərizəsini həmin məlumatı çıxararaq məhkəməyə təqdim edin.
Formalardakı sarı rəng o deməkdir ki, həmin məqamlar misal xarakterlidir və onları özünüzə uyğunlaşdırmalısız. Ümumiyyətlə, nəzərə alın ki, formalar ümumi xarakter daşıyır. İşinizin xüsusiyyəti varsa, onu da vurğulayın. Formalarda gəlirin əmək haqqı olması göstərilir. Təbii, sizin gəliriniz pensiya, yaxud başqa gəlirdisə, elə də göstərin. Gəlirinizin tutulması haqda qərar da başqa cür adlana bilər, buna görə də onun rekvizitlərini dəqiq əks etdirin.
Onu da bilin ki, bu cür iddia üzrə dövlət rüsumu tutulmur. Haqqınızı tələb edin! İrəli!
P.S. Bu məsələ ilə əlaqədar banklar ilk günlərdə mənə etiraz etməyə cəhd etdilər, lakin sonrakı arqumentlər qarşısında aciz qalaraq susdular. Sonradan bəzi hüquqşünasların əsassız fikirlərinə rast gəldim.
Məsələn, deyirlər ki, guya sözügedən məsələ yalnız “İcra haqqında” Qanunla tənzimlənir. Bu, ümumiyyətlə, hüquqi yanaşma deyil. Hüquq fakültəsinin artıq birinci kursunda tələbələrə izah edilir ki, hər hansı münasibətə birbaşa və ya dolayısı ilə bütün əlaqəli qanunvericilik aktları tətbiq edilir. Heç bir qanun əlahiddə tətbiq edilmir!
Daha sonra deyirlər ki, yaşayış minimumu haqqında qanun hər il qəbul olunur və yeni qanunla heç nə dəyişmir. Bunu mən də demirəm. Doğrudan da heç nə dəyişməyib. Sadəcə indiyədək vətəndaşlar qanunun onlara verdiyi hüquqdan istifadə etməyiblər. Qanunun verdiyi hüquqdan istifadə etməmək o demək deyil ki, həmin hüquq mövcud deyil.
Daha sonra deyirlər ki, guya bankla borclunun münasibətlərinə yalnız mülki qanunvericilik tətbiq olunur, buna görə də yaşayış minimumu haqda qanunvericiliyin bu halda tətbiqi yolverilməzdir. Bu iddianın nə dərəcədə absurd olduğunu elə “İcra haqqında” Qanunun özü də göstərir. Axı həmin Qanuna görə vətəndaşın borcuna görə gəlirinin 50%-dək hissəsi tutula bilər. Sözügedən Qanunun mülki hüquqa aidiyyəti yoxdur. Bəs onda niyə borcun tutulmasına “İcra haqqında” Qanun tətbiq edilə bilər, amma “Yaşayış minimumu haqqında” Qanun yox?!
Nə isə. Belə şeylərə fikir verməyin. Böyük ehtimalla bu cür rəyləri səsləndirən hüquqşünaslar bankların kreditlərini qaytarmaqla məşğuldur, ona görə də özlərinə sərf edən fikirləri deyirlər. Bununla belə əlbəttə, mən istisna etmirəm ki, kimsə vicdanlı olaraq yanılır. Hamı səhv edə bilər. Mən də o cümlədən. Buna görə də ilk gündən əks mövqedə olan hüquqşünaslara yalnız bir sual verirəm və deyirəm ki, heç olmasa həmin suala adekvat cavab tapsınlar. Siz də onlara yalnız bu sualı verin, görün nə deyəcəklər.
Sualı təkrar edirəm. Bankların sevdiyi “İcra haqqında” Qanunun 75-ci maddəsinə əsasən aliment vətəndaşdan birinci növbədə tutulmalıdır və bu halda maaşı kifayət etməsə, bankın borcu ödənilməmiş qalacaq. İndi özünüz deyin: normal qanunvericilik vətəndaşın əmək haqqını övladına sərf edə bilməsi üçün boşanmasını tələb edə bilərmi? Necə ola bilər ki, boşanmamış kişinin gəliri ilk növbədə bankın borcuna, boşandıqdan sonra isə övladına sərf edilməlidir? Yəni qanun əhalini boşanmağa təhrik edir? Mən deyirəm ki, yox! Qanunumuz belə deyil! Ədalətli və humanistdir! Amma banklar bunun əksini deyir və əhalini boşanmağa təhrik edir. Qoy banklar heç olmasa bu məsələyə aydınlıq gətirsin. Heç olmasa. Əgər gətirə bilsələr, əlbəttə...
Əkrəm Həsənov, bankçılıq üzrə tanınmış ekspert