Solar Orbiter kosmik gəmisi tərəfindən əldə edilən Günəşin yeni şəkilləri ulduzumuzun səthinin indiyə qədər görülmüş ən yüksək ayırdetmə təsvirlərini təqdim edir.
Elchi.az xəbər verir ki, bu görüntülər günəş ləkələrini və daim hərəkətdə olan ionlaşmış qazları, yəni plazmanı təfərrüatı ilə ortaya qoyur.
Bu görüntülər heliofiziklərə Günəşin sirlərini hər zamankindən daha dərindən araşdırmaq imkanı verə bilər.
Solar Orbiter 2020-ci ilin fevral ayında Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın birgə missiyası olaraq kosmosa buraxılıb və Günəşi orta hesabla 42 milyon kilometr məsafədən müşahidə edir.
Təkmilləşdirilmiş təsvirlər Günəşin dinamik xüsusiyyətlərini, o cümlədən maqnit sahəsinin hərəkətlərini və ultra isti Günəşin tacının (xarici atmosfer) parıltısını ortaya qoyur.
Bu yeni şəkillər 22 mart 2023-cü ildə çəkilib və Solar Orbiter-in iki təsvir cihazı, Ekstremal Ultraviyole Görüntü Cihazı (EUI) və Polarimetrik və Heliosesmik Şəkilçi (PHI) tərəfindən əldə edilib.
74 milyon kilometr məsafədən çəkilən görüntülər Günəş səthində radiasiya, maqnit sahələri və isti plazma axınlarını ətraflı şəkildə göstərir.
Solar Orbiter diqqətini Günəşin səthinə yaxın məsafədən ən yüksək rezolyusiyaya malik fotoşəkillər çəkməyə yönəltdiyi halda, NASA-nın Parker Solar Probe tezliklə Günəşə yaxınlaşaraq kosmos tarixində ən yaxın keçidi həyata keçirəcək.
Bu iki missiya Günəşin maqnit sahələrinin mənbəyini və günəş küləklərini nəyin tətiklədiyini anlamağa kömək etmək məqsədi daşıyır.
Yeni əldə edilən görüntülər Günəşin müxtəlif təbəqələrinin mürəkkəbliyini ortaya qoyur.
Şayəstə Hüseynova