Bakıda keçirilən “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransda Yekun Bəyanat qəbul edilib.
Elchi.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən konfransda Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş səfirləri, “Maore Komitəsi”, “Üçüncü Yol Kollektivi (C3V)”, “Demokratik Cəbhə”, “Qəmər adalarının bütövlüyü və suverenliyinin müdafiəsi üzrə Kollektiv” təşkilatları işitrak edib.
Həmçinin Mayot adasının təmsilçiləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, habelə səfirlər, Beynəlxalq təşkilatların nümayəndələri, professorlar, ekspertlər, Beyin mərkəzlərinin təmsilçiləri və media nümayəndələri də olub.
Konfrans zamanı Mayotun işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələr, Fransanın bu qətnamələrə əməl etməməsi və Qəmər Adaları İttifaqının beynəlxalq səviyyədə ərazisi kimi tanınan Mayot adasını azad etməmək üçün istifadə etdiyi qeyri-qanuni fəaliyyətlər haqqında geniş fikir mübadiləsi aparılıb. Mayotun “referendum” vasitəsilə Fransaya birləşdirilməsi və qəmərlilərə vurulmuş ziyan, həmçinin Fransız müstəmləkəçiliyinin nəticələri barədə ətraflı məlumat verilib.
Qəmər Adalarının təmsilçiləri bildiriblər ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan istifadə edərək məqsədli şəkildə Mayotun işğalı məsələsini lokallaşdırıb, eləcə də işğal faktının beynəlxalq təşkilatlar səviyyəsində saxlanılmasına imkan vermir, bununla bağlı bütün təşəbbüsləri bloklayıb. 1995-ci ildən bəri Fransa BMT-də Mayotun işğalı ilə bağlı qətnamələrin qəbul olunmaması ilə bağlı digər dövlətlərə təziq göstərir, bundan əvvəl qəbul olunmuş sənədləri icra etməkdən boyun qaçırır.
Konfrans çərçivəsində flaşmod təşkil edilərək Qəmər Adaları İttifaqının ərazi bütövlüyünə tam dəstək ifadə olunub.
Tədbirin sonunda iştirakçılar tərəfindən Yekun Bəyanat qəbul edilib. Eyni zamanda Maore Komitəsi ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Qeyd edək ki, Maore Komitəsinin əsas hədəfi Mayotu Qəmər Adaları ittifaqının tərkibinə qaytarmaqdır.