Pestisidlərdən istifadə edərkən insan sağlamlığına təsirləri nəzərə alınmalıdır.
Elchi.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bitki mühafizəsi üzrə mütəxəssisi Suzanna Kereştes (Zsuzsanna Keresztes) “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində “İnteqrir Bitki Mühafizəsi çərçivəsində Azərbaycanda Dayanıqlı kənd təsərrüfatı və bitki istehsalı” mövzusunda təlimdə deyib.
Onun sözlərinə görə, hazırda zərərvericilərlə mübarizədə pestisidlərdən istifadə edilir: “Lakin zərərvericilərlə mübarizədə dayanıqlı yol tutulmalıdır. Pestisidlərdən istifadə edərkən insan sağlamlığı düşünülməlidir. Müxtəlif ölkələrdə insan orqanizmində pestisid qalıqlarının müxtəlif xərçəng və əlaqəli xəstəliklərə necə təsir göstərə biləcəyi ilə bağlı bir çox tədqiqatlar aparılıb”.
O qeyd edib ki, əsas hədəf İnteqrasiya edilmiş Zərərvericilərlə Mübarizə (İPM) sisteminin tətbiqinin genişləndirilməsidir: “İPM zərərvericilərlə mübarizədə sağlam düşüncəyə əsaslanan təcrübələrin kombinasiyasına əsaslanan effektiv və ekoloji cəhətdən həssas yanaşmadır. İPM proqramları zərərvericilərin həyat dövrləri və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında müasir, hərtərəfli məlumatlardan istifadə edir. Bu məlumat mövcud zərərvericilərlə mübarizə üsulları ilə birlikdə, zərərvericilərin vurduğu ziyanı ən iqtisadi vasitələrlə və insanlara, əmlaka və ətraf mühitə minimal təhlükə ilə idarə etmək üçün istifadə olunur”.
O qeyd edib ki, İPM yanaşması həm kənd təsərrüfatı, həm də ev, bağça və iş yeri kimi qeyri-kənd təsərrüfatı mühitlərində tətbiq edilə bilər: “İPM pestisidlərin məqsədyönlü istifadəsi də daxil olmaqla, bununla məhdudlaşmayaraq, bütün müvafiq zərərvericilərlə mübarizə üsullarından istifadə edir. Orqanik qida istehsalçıları İPM ilə eyni konsepsiyaların çoxunu tətbiq edir, lakin pestisidlərin istifadəsini sintetik kimyəvi maddələr əvəzinə təbii mənbələrdən əldə edilənlərə əsaslanır”.