Suriyanın paytaxtı Dəməşqdə Əsəd rejiminin kimyəvi silah saxlamaq üçün istifadə etdiyi obyektin havadan görüntüləri ortaya çıxıb. Suriya İnsan Haqları Şəbəkəsi Əsəd rejiminin vətəndaş müharibəsi boyunca müxalif bölgələrə 217 kimyəvi hücum həyata keçirdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Anadolu Agentliyi Suriyanın paytaxtı Dəməşqdə devrilmiş rejim lideri Bəşər Əsədin dövründə kimyəvi silahların saxlanması üçün istifadə edilən obyektin eksklüziv havadan görüntülərini qeydə alıb.
2013-cü ildə Şərqi Qutada kimyəvi hücumdan sonra obyekt Birləşmiş Millətlər Təşkilatının (BMT) qrupları tərəfindən yoxlanılıb və beynəlxalq təzyiq altında silahlar məhv edilib.
2013-cü ildə kimyəvi hücumların sənədləşdirilməsi üzərində işləyən və adının açıqlanmasını istəməyən bir tədqiqatçı, obyektin illərdir “yaxından qorunan sirr” olaraq qaldığını söylədi.
ABŞ və Rusiya arasındakı razılaşmaya əsasən, BMT qrupları 2013-cü ilin avqustunda obyekt də daxil olmaqla bir neçə anbara baxış keçirib. BMT-nin hesabatları təsdiq edir ki, Əsəd rejimi orada kimyəvi silah ehtiyatı saxlayır. Lakin güclü beynəlxalq təzyiqlər nəticəsində silahlar sonradan məhv edilib.
Havadan çəkilmiş görüntülər obyektin hündür təpədə yerləşdiyini, torpaq kurqanları ilə əhatə olunduğunu və böyük ölçüdə tərk edildiyini göstərdi. Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) Əsəd rejiminin vətəndaş müharibəsi başlayandan bəri müxalifətin nəzarətində olan bölgələrə 217 kimyəvi hücum təşkil etdiyini açıqlayıb. Rejim həm kimyəvi, həm də adi silahlarla kütləvi qətllər törətməklə ölkə tarixində qaranlıq bir iz buraxdı. Suriyada Baas rejiminin və Əsəd ailəsinin onilliklərlə davam edən zalım hakimiyyəti minlərlə mülki şəxsin ölümü və insanlığa qarşı cinayətlərlə nəticələnib. BMT hesabatlarında rejimin mülki hədəflərə kimyəvi hücumları dəfələrlə sənədləşdirilib.
Nuranə Məmmədova