Çin, suverenlik mübahisəsi olduğu Tayvanın lideri Lai Çinq-tenin ilk “Milli Gün” çıxışından 4 gün sonra adanı və ətrafını əhatə edən hərtərəfli hərbi təlimə başlayıb.
Elchi.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada Çin ordusunun Tayvan boğazı ətrafında və Tayvan adasının şimal, cənub və şərq bölgələrində birgə hərbi təlimə başladığı bildirilib.
Komandanlığın sözçüsü Li Xi, “Birgə Qılınc-2024B” adlı təlimdə quru, hava, dəniz və raket qüvvələrinin iştirak etdiyini və təyyarə və gəmilərin “bir çox istiqamətdən adaya yaxınlaşaraq birgə hücumlar həyata keçirəcəyini” bildirib.
Li qeyd edib ki, təlim real döyüş imkanlarını yoxlamaq məqsədi daşıyır və əsas diqqət dəniz-hava döyüş hazırlığının birgə patrul xidməti, dəniz və quru hədəflərinə hücumlar və döyüş meydanına hərtərəfli nəzarətin ələ keçirilməsinə yönəldiləcək. Təlimin milli təhlükəsizlik və birliyi qorumaq üçün qanuni və zəruri bir hərəkət olduğunu iddia edən Li, bunun Tayvanın müstəqilliyini müdafiə edən ünsürlərə qarşı güclü bir maneə olacağını söylədi.
Tayvan Müdafiə Nazirliyi sosial media platformasındakı paylaşımında Çin ordusunun təlim elanını təsdiqləyib. “Biz cavab vermək və milli suverenliyimizi qorumaq üçün müvafiq qüvvələri yerləşdirəcəyik”.
Şayəstə Hüseynova