Rusiya-Ukrayna müharibəsi üçüncü ilinə girərkən Böyük Britaniya Rusiyaya qarşı “2022-ci ildən bəri ən böyük sanksiya paketini” tətbiq etmək qərarına gəldiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi yazılı açıqlamada, yeni sanksiyaların Rusiyanın müharibə iqtisadiyyatını, Kreml tərəfdarı oliqarxları və Rusiya ordusunun təchizat zəncirlərini dəstəkləyən maliyyə qaynaqlarını hədəf aldığını bildirib.
Bəyanatda deyilir ki, Rusiyaya qarşı 100-dən çox yeni sanksiyalar ölkənin hərbi gücünü zəiflətmək və Ukraynanı sülh üçün ən güclü mövqeyə qoymaq məqsədi daşıyır.
Açıqlamada sanksiyaların Rusiya ordusuna elektron və ikili təyinatlı (hərbi və mülki) materialları təmin edən üçüncü ölkələrin şirkətləri, Şimali Koreyadan Rusiyaya əsgər göndərdiyi iddia edilən yüksək səviyyəli şəxslər və Avropa texnologiyalarını Rusiyaya ötürdüyü iddia edilən 13 Rusiya təşkilatının olduğu qeyd edilib.
Sanksiyaların Rusiyanın ən mühüm maliyyə qaynağı olan enerji gəlirlərini də hədəf aldığına diqqət çəkən açıqlamada İngiltərənin Rusiya neftini daşıyan 40 gəmidən ibarət kölgə donanmasını sanksiyalar siyahısına əlavə etdiyinə və beləliklə də ümumilikdə 133 Rusiya neft tankerini sanksiyalara məruz qoyduğuna diqqət çəkilib.
Açıqlamada, təxminən 2,2 milyard funt-sterlinq sərvəti ilə Rusiyanın ən zəngin iş adamlarından biri olan Roman Trotsenko da daxil olmaqla, Kremlə yaxınlığı ilə tanınan 14 oliqarxın da sanksiyaların əhatəsinə alındığı bildirilib.
Bundan əlavə, Rusiyanın müharibə iqtisadiyyatına dəstək verən xarici maliyyə qurumlarının da ilk dəfə olaraq yeni səlahiyyətlərdən istifadə edərək sanksiyalara daxil edildiyi və bu çərçivədə Qırğızıstanda yerləşən “Keremet Bank” ASC-nin də sanksiya siyahısına daxil edildiyi bildirilib.
“Ukraynadan üz döndərə bilmərik və etməyəcəyik”
Bəyanatda Böyük Britaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyi və sanksiyaların Rusiyanın döyüş qabiliyyətini zəiflətmək və Avropanın təhlükəsizliyini artırmaq məqsədi daşıdığı vurğulanıb.
Bəyanatda şərhləri yer alan İngiltərə Xarici İşlər Naziri David Lammi, “Son üç ilin ən böyük sanksiya paketi ilə Ukraynaya bağlılığımızı bir daha təkrar edirik. Hər bir hərbi təchizat xəttinin kəsilməsi, hər rublun bloklanması və Putinin təcavüzünün ifşa olunmasına imkan verən hər bir element Böyük Britaniyada ədalətli və davamlı sülh, təhlükəsizlik və tərəqqiyə doğru bir addımdır” ,- ifadələrdən istifadə edib.
Nuranə Məmmədova