Mərkəzi Avropada azı 24 nəfərin ölümünə səbəb olan “Boris” qasırğası İtaliyaya çatıb. İtaliyanın şimalında güclü yağışların daşqın və torpaq sürüşməsinə çevrilməsi nəticəsində minə yaxın insan evlərindən təxliyə edilib.
Elchi.az xəbər verir ki, “Boris” qasırğası İtaliyaya çatıb. Fırtına Şimali İtaliyanın Emiliya-Romanya bölgəsində böyük dağıntılara səbəb olub.
Min nəfərə yaxın insan evlərindən təxliyə edilib. İtaliya yanğınsöndürmə briqadasından verilən açıqlamada 2 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Bolonya, Çesena, Forli, Rimini və Ravenna şəhərlərindəki məktəblərdə bu gün tədris dayandırılıb. Rayonda 5 dəmir yolu xəttində də nəqliyyat dayandırılıb.
Baş nazirlik Mülki Müdafiə Departamenti də bu gün və sabah həddindən artıq yağış ola biləcəyi səbəbiylə Emilia-Romagna bölgəsi üçün “qırmızı” xəbərdarlıq edib.
Şayəstə Hüseynova