1 iyul 2024-cü il tarixinə daxili dövlət borcu 16.571,9 milyon manat və ya 2024-cü il üzrə 121.342,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 13,7 faizini təşkil edib. Daxili dövlət borcu ilin əvvəli ilə müqayisədə 705,5 milyon manat artıb.
Bu barədə Elchi.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, daxili dövlət borcunun artmasının əsas səbəbi dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi olub.
Bildirilib ki, 1 iyul 2024-cü il tarixinə daxili dövlət borcunun 7.280,7 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.291,2 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür. Hesabat tarixinə dövriyyədə olan 7.280,7 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 19,5 faizi 1 illik, 67 faizi 2 və 3 illik, 13,5 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızlarının payına düşür.
1 iyul 2024-cü il tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,51 təşkil edib. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin aşağı düşməsinə səbəb olub.