Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan bu günlərdə verdiyi açıqlamada bildirib ki, Rusiyalı sülhməramlı kontingenti 2020-ci il 10 noyabr razılaşmasında nəzərdə tutulduğundan daha uzun müddətə Qarabağda qalacaq. Armen Qriqoryan Azərbaycanla delimitasiya və demarkasiyaya hazır olduqlarını amma bu istiqamətdə irəliləyişin olmadığını da əlavə edib.
Beləliklə, Ermənistan tərəfinin versiyasına görə, sülhməramlı kontingentin qalma müddəti 2025-ci ildə deyil, azı 2030-cu ilin noyabrına qədər uzadılacaq.
Bəs görəsən, bu müddət uzadıla bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-ın sualını cavablandıran Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, bu, ermənilərin istəyidir.
“Ermənilər rusların orada bu müddəti 10, 20, 200 il də olsa qalmasını istəyə bilər. Lakin sülhməramlılar Ermənistanın ərazisində deyil, Azərbaycanın ərazisindədir. Sülhməramlıların bu ərazidə nə qədər müddət qalacaqlarını yaxud qalmayacaqlarını Azərbaycan müəyyən edir. Ermənilər ağlına gələni iddia edə bilər. Lakin sözügedən məsələ ermənilərin istəyindən asılı olan bir məsələ deyil. Sülhmərmalıların Qarabağda qalma müddəti 10 noyabr bəyanatında beş il olaraq qeyd olunub. Lakin bu müddət beş il olmaya da bilər. Bilirik ki, sülhməramlılar bu əraziyə gəldikəri gündən sülhməramlılıqdan çox erməniməramlılıqla məşğul olub. Əksər hallarda onlar qanunları pozub. Buna görə də Azərbaycan istədiyi vaxt sülhməramlıların ərazisindən çıxması ilə bağlı məsələ qaldıra bilər”.
Deputat bildirib ki, erməniləri Azərbaycan ərazisinə gətirib orada onlar üçün dövlət quranlar Çar Rusiyası və Sovet hökuməti olub:
“Bu siyasət bu gün də davam edir. Tarix boyu ruslar erməniləri müdafiə edib. Onları bizim əraziləimizə yerləşdirib. Ruslar erməniləri bizim ərazimizə bəla olaraq gətirib. Ermənilər Cənubi Qafqaza bəla, təhlükə, xəstəlik olaraq gəlib. İndi bu xəstəlik zəifləyib. Lakin onları güclədirmək istəyirlər ki, başımıza gətirdikləri fəlakətləri təkrarlasınlar. Lakin Azərbaycan buna imkan verməyəcək”.
Deputat Ceyhun Məmmədov isə bildirib ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi konkretdir:
“Sülhməramlıların fəaliyyətinə beş ildən sonra baxılacaq. Azərbaycanın razılığı olmadan və Azərbaycan tərəfinin mövqeyi nəzərə alınmadan təkbaşına qərar verilə bilməz. Bu məsələ 10 noyabr bəyanatında öz əksini tapıb. Qarabağa gəldikdə isə xunta rejiminin nümayəndələri bu məsələdə tərəf deyil. Bu razılaşma Rusiya-Azərbaycan-Ermənistan arasında tənzimlənir. Onlar nələrsə arzulaya, istəyə, xəyal qura bilər. Çünki separatçılar hazırda çox ağır durumdadır. Sülhməramlıları öz varlığı üçün qarantiya hesab edir”.
Deputat qeyd edib ki, sülhməramlılar orada təkcə öz vəzifələrini yerini yetirmir, separatçılara yardım verir, tikinti işləri aparır:
“Separatçı rejim əlbəttə ki, onların orada daha çox qalmasını arzulayacaq. Amma bu məsələ üçtərəfli bəyanatdan və prosesin gələcək perspektivlərindən asılı olacaq. Ermənilər Azərbaycanı qıcıqlandırmaq və Rusiya ilə münasibətlərimizi korlamaq üçün bunu qəsdən edir. Belə məlumatların yayımı zamanı media qurumlarımız diqqətli olmalıdır. Çünki bu xəbərlər təxribat xarakteri daşıyır. Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına yönələn addımlardır. Bütün hallarda əsas tərəflərdən biri Azərbaycandır və söhbət Azərbaycan ərazisindən gedir”.