Özbəkistan ilə əlaqələrin hərtərəfli inkişafı Azərbaycanın xarici siyasət prioritetlərində mühüm yer tutur. Buna görə də təsadüfi deyil ki, son illərdə Azərbaycan- Özbəkistan çoxşaxəli münasibətlərinin intensiv inkişafı müşahidə edilir. Bunun nəticəsidir ki, sistemli və məhsuldar təmaslar sayəsində ölkələrimiz arasında əməkdaşlıq nəzərəçarpacaq dərəcədə möhkəmlənməklə yanaşı, həm də yeni qarşılıqlı fəaliyyət sahələri ilə tamamlanır. İki ölkənin rəsmi şəkildə müttəfiq olması münasibətlərin yeni müstəvidə daha sürətlə inkişafına şərait yaradacaq.
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlardır, ölkələrimiz arasında ikitərəfli əlaqələr bütün səviyyələrdə inkişaf edir ki, bu da həm geosiyasi, həm də geoiqtisadi baxımdan çox vacibdir. Münasibətlərin ümumi tonu, ölkələrimizin və xalqlarımızın bir-birinə yaxınlaşması üçün yeni istiqamətlər ən yüksək səviyyədə müəyyən edilir. Hər iki dövlət beynəlxalq və regional təşkilatlar çərçivəsində qurulan isti və səmimi münasibətləri yüksək qiymətləndirir, bir-birini dəstəkləyir.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT, MDB çərçivəsində sıx əməkdaşlıq əlaqələri var. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının üzvüdür. Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə siyasi, ticarət-iqtisadi və mədəni-humanitar tərəfdaşlıq inkişaf edir.
Azərbaycan 2020-ci ildə torpaqlarını erməni işğalından azad etdikdən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan əsas ölkəyə çevrilib və Cənubi Qafqazdakı vəziyyəti özü diktə edir. Bu reallığı qardaş özbək xalqı da görür və qiymətləndirir. Xüsusilə də qeyd etmək lazımdır ki, ərazimizin 20 faizi erməni işğalı altında olduğu illərdə də Özbəkistan həmişə ədalətin tərəfində olub, bizi dəstəkləyib. Prezident İlham Əliyev çıxışında bu məqama toxunaraq bildirib ki, Azərbaycan həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss edib. Müharibədən sonra da özbək xalqı Azərbaycana öz dəstəyini göstərib. Avqustun 23-də Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan məktəbin açılışı da buna sübutdur.
Hər iki dövlətin daxili inkişaf strategiyalarına yanaşmalarının ümumiliyi və nəhəng istehsal, texnoloji, insan və təbii ehtiyatların olması müxtəlif əməkdaşlıq layihələrini birgə həyata keçirməyə imkan yaradır. Prezident İlham Əliyevin mətbuat üçün çıxışında qeyd etdiyi kimi, biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir. İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir. Rəqabətqabiliyyətli məhsulların istehsalı üçün iki ölkənin istehsalçıları arasında əməkdaşlığın gücləndirilməsi həm Özbəkistanın, həm də Azərbaycanın daxili inkişaf məqsədlərinin məntiqinə tam uyğun gəlir.
Rəşad Mahmudov sonda qeyd edib ki, bu gün ölkələrimiz arasında münasibətlər çoxşaxəli, davamlı inkişafla xarakterizə olunur və qarşılıqlı maraqların nəzərə alınmasına və hər iki ölkənin xalqlarına real fayda gətirən sahələrdə əməkdaşlığa əsaslanır. İki ölkə arasında müttəfiqlik haqqında müqavilənin imzalanmasından sonra bu münasibətlərin daha da intensivləşəcəyi və Avrasiyada cərəyan edən proseslərə təsir göstərəcəyi şübhə doğurmur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında imzalanmış müttəfiqlik müqaviləsi çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.