Alimlər Ayın hələ də geoloji cəhətdən aktiv ola biləcəyinə dair yeni sübutlar aşkar ediblər. NASA-nın Lunar Reconnaissance Orbiter (LRO) aparatından alınan görüntülər Ayın uzaq tərəfində 266 yeni “qırış silsiləsi”nin aşkar edildiyini üzə çıxarıb. Bu strukturların son 160 milyon il ərzində əmələ gəldiyi görünür və Ayın hələ də yavaş-yavaş daraldığını göstərir.
Elchi.az xəbər verir ki, əvvəllər yalnız Ayın Yerə baxan yaxın tərəfində müşahidə edilən qırışlı silsilələr vulkanik lavaların geniş düzənliklərində yerləşirdi. Alimlər bilirlər ki, Ayın səthi zamanla içərisi soyuduqca büzülür və kiçilir. Ancaq yeni kəşflər bu prosesin uzaq tərəfdə də davam edə biləcəyini göstərir.
Merilend Universitetinin tədqiqatçısı Jaclyn Clark, “Ayın hələ də geoloji cəhətdən dinamik olduğunu bilmək astronavtlarımızı, avadanlıqlarımızı və infrastrukturumuzu gələcəkdə harada yerləşdirəcəyimiz üçün çox vacib məlumatdır” deyib.
Şayəstə Hüseynova