Avropa İttifaqı (Aİ) vətəndaşlarına geniş miqyaslı daşqınlar, meşə yanğınları, epidemiyalar və hərbi hücumlar kimi böhranlara hazır olmaq üçün ən azı 72 saat ərzində kifayət qədər qida, su və əsas tələbat malları ehtiyatı saxlamağı tövsiyə edib.
Elchi.az xəbər verir ki, Avropa Komissiyasının elan etdiyi ilk hazırlıq strategiyası vətəndaşların böhran zamanı daha dözümlü olmaq üçün “proaktiv tədbirlər” görməyə təşviq edilməli olduğunu ifadə etdi. Strategiyanın bir hissəsi olaraq, fərdlərə fövqəladə hallar planları hazırlaması və zəruri ləvazimatları ehtiyata yığması tövsiyə edilib.
Aİ-nin bu addımı Almaniya və Skandinaviya ölkələrinin böhran zamanı vətəndaşlarını məlumatlandırmaq üçün apardıqları işdən ilhamlanıb. Bu ölkələr mümkün hərbi hücumlar və ya milli böhranlar barədə ictimaiyyəti məlumatlandırmaq üçün vərəqələr paylayıb və xüsusi mobil proqramlar hazırlayıb.
“Üzv ölkələrə deyirik: 72 saat özümüzü təmin etmək bizim ən yaxşı məsləhətimizdir”, – Aİ-nin Böhranların İdarə Edilməsi və Hazırlıq üzrə komissarı Hadja Lahbib bildirib. Vətəndaşlardan hansı ləvazimatları yığmalı olduqlarını soruşduqda o, sosial media hesabında paylaşdığı videoya işarə edib.
Videoda Ləhbib şəxsiyyət vəsiqələrinin su keçirməyən qabda saxlanmasından tutmuş konservləşdirilmiş qida, butulka suyu, kibrit, cib bıçağı, nağd pul, dərman, radio və hətta əlində oyun kartı saxlamağın vacibliyinə qədər məsləhətlər verir.
Fövqəladə hallara qarşı Aİ miqyasında koordinasiya Hazırlıq strategiyası ekstremal hava hadisələri, pandemiyalar, kiberhücumlar və iqlim böhranı ilə şiddətlənən mümkün hərbi müdaxilələr kimi geniş risklərə qarşı Aİ daxilində daha yaxşı koordinasiyanı təmin etmək məqsədi daşıyır.
Komissiyanın sənədində deyilir: “Biz silahlı hücum ehtimalı da daxil olmaqla, bir və ya bir neçə Üzv Dövlətə təsir edə biləcək genişmiqyaslı, çox sektorlu insidentlərə və böhranlara hazır olmalıyıq”.
Bu kontekstdə Aİ-də böhranla bağlı məlumatlılığın artırılması üçün “hazırlıq günü” təşkil edilməsi, bu fənnin məktəb kurrikuluma daxil edilməsi və əsas xammal, sığınacaqlar, generatorlar və “ehtimal” qida və suyu əhatə edən “ehtiyat strategiyası”nın hazırlanması təklif edilir.
Şayəstə Hüseynova