Bəzi Avropa liderləri Ağ Evdə ABŞ prezidenti Donald Trampla mübahisə edən Ukrayna prezidenti Volodomir Zelenskiyə dəstək olduqlarını bildiriblər.
Elchi.az xəbər verir ki, Avropa liderləri Oval kabinetdə Volodomir Zelenski ilə Donald Trampın mübahisəsindən sonra bəyanatlar veriblər .
Polşanın baş naziri Donald Tusk Zelenskini X hesabında işarələyərək onunla həmrəylik mesajı paylaşıb.
“Əziz Zelenski, ukraynalı dostlar, siz tək deyilsiniz”, – deyə Tusk mesaj paylaşıb.
İspaniyanın Baş naziri Pedro Sançes X postunda “Ukrayna, İspaniya sizinlədir”,- ifadəsini işlədib.
Litva prezidenti Gitanas Nauseda da sosial şəbəkədə “Ukrayna, sən heç vaxt tək gəzməyəcəksən” yazıb. O, açıqlaması ilə Zelenskiyə dəstəyini nümayiş etdirib.
Norveçin baş naziri Jonas Gahr Store, “Biz onların ədalətli və davamlı sülh uğrunda ədalətli mübarizəsində Ukraynanın yanındayıq” ifadəsini işlədib.
Portuqaliyanın baş naziri Luis Monteneqro X hesabında dəstəyini ifadə edərək, “Ukrayna hər zaman Portuqaliyaya arxalana bilər” deyib. Latviyanın baş naziri Evika Silina da öz sözləri ilə bunu nümayiş etdirərkən, sosial şəbəkədəki paylaşımında ölkəsinin Ukraynanın yanında olduğunu vurğulayıb.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas X hesabında “Ukrayna Avropadır. Biz Ukraynanın yanındayıq. Biz Ukraynaya dəstəyimizi artıracağıq ki, işğalçıya qarşı mübarizəsini davam etdirə bilək. Bu gün aydın oldu ki, azad dünyanın yeni liderə ehtiyacı var. Bu çağırışın öhdəsindən gəlmək bizdən, avropalılardan asılıdır” – ifadələrdən istifadə edib.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta da sosial media hesablarında birgə mesaj paylaşıblar.
“Sizin şərəfiniz Ukrayna xalqının cəsarətini şərəfləndirir. Güclü, cəsur və qorxmaz olun. Prezident Zelenski, siz heç vaxt tək deyilsiniz. Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik”, – fon der Leyen və Kosta öz mesajlarında yazıblar.
Almaniyanın xarici işlər naziri Annalena Berbok X hesabında bunları paylaşıb: “Ukrayna tək deyil. Almaniya Avropalı müttəfiqlərimizlə birlikdə Ukraynanın yanındadır və Rusiyanın təcavüzünə qarşıdır. Ukrayna Almaniyanın, Avropanın və onun hüdudlarından kənarda olan ölkələrin sarsılmaz dəstəyinə arxalana bilər. Onların demokratiyanı müdafiə etməsi, sülh və təhlükəsizlik axtarışları bizim də dəstəyimizdir”.
İrlandiya baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Simon Harris də Ukrayna və İrlandiya bayraqları ilə X işarəsi paylaşaraq, “Ukrayna Rusiyanın qeyri-qanuni işğalı nəticəsində baş verən bu müharibəyə görə məsuliyyət daşımır. Biz Ukraynanın yanındayıq” deyib.
Belçikanın Baş naziri Bart De Vever də X hesabında paylaşım edərək, “Ukraynanın və xalqının səbəbsiz Rusiya təcavüzünə qarşı özünü müdafiə etmək üçün apardığı tarixi mübarizənin arxasındayıq. Onların mübarizəsi bizim mübarizəmizdir. Biz birlikdə güclüyük” deyə qiymətləndirmə aparıb.
Hollandiyanın Baş naziri Dik Şuf X hesabında etdiyi paylaşımda, Ukraynaya dəstəklərinin davam edəcəyini qeyd edərək, “Biz davamlı sülh və Rusiyanın başlatdığı təcavüzün sona çatmasını istəyirik. Ukrayna, bütün xalqları və Avropa üçün” – ifadələrdən istifadə edib.
İsveçin baş naziri Ulf Kristersson da X hesabında “İsveç Ukraynanın yanındadır. Siz təkcə öz azadlığınız üçün deyil, həm də bütün Avropanın azadlığı üçün mübarizə aparırsınız. Böyük Ukrayna” sözlərini paylaşıb.
Nuranə Məmmədova