Londonda danışıqlar Kiyevin Krımın Rusiyanın bir hissəsi kimi tanınması təklifini qəbul etməkdən imtina etməsindən Vaşinqtonun narazılığına görə pozulub.
Elchi.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumatlı mənbələrə istinadən yazır.
Bundan əvvəl KİV-lər aprelin 23-də Londonda keçirilən danışıqlarda ABŞ-ın Ukrayna və Avropa nümayəndə heyətlərinə Krımı Rusiya kimi tanımaq və hərbi əməliyyatları dondurmağı təklif etmək niyyətində olduğunu yazmışdı.
Bundan sonra Volodimir Zelenski açıq şəkildə bəyan etdi ki, Ukrayna Krımı “qanuni olaraq” Rusiya kimi tanımır.
Qəzet qeyd edir ki, bu gün Londonda Ukrayna münaqişəsinin nizamlanmasına dair planlaşdırılan yüksək səviyyəli danışıqlar amerikalı diplomatların qəflətən geri çəkilməsindən sonra ləğv edilib.
Xüsusən də ABŞ dövlət katibi Marko Rubio Londona səfər planlarını dəyişib. ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff da getməkdən imtina edib.
“Yüksək səviyyəli danışıqlar Vaşinqtonda Ukraynanın mübahisəli ərazilərin təhvil verilməsi təkliflərini qəbul etmək istəməməsinin qəzəbi fonunda dayandırılıb. Kiyev həmçinin təkid edir ki, “əvvəlcə tam atəşkəs, qalan hər şeyi sonra müzakirə etmək lazımdır”, – anonimlik şərti ilə danışan vəziyyətlə tanış olan rəsmi deyib.
Nəşr xatırladıb ki, vitse-prezident J.D.Vens əvvəllər Moskva və Kiyevin yaxın vaxtlarda razılığa gəlmədiyi təqdirdə ABŞ-ın böhranın həlli səylərindən əl çəkəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.
Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bundan əvvəl Avropa İttifaqının Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacağını bildirmişdi. Eyni zamanda, 2014-cü ildə keçirilən referendumdan sonra yarımada Rusiyanın tərkibinə daxil olub. Krımda seçicilərin 96,77%-i, Sevastopolda isə 95,6%-i birləşməyə səs verib.
Nuranə Məmmədova