İngiltərənin Birmingem şəhərində zibil yığanların qeyri-müəyyən tətili davam edərkən, üst-üstə yığılan zibil insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Zərərvericilərlə mübarizə üzrə mütəxəssislər şəhərdə siçovulların və gəmiricilərin sayının sürətlə artdığını və zibilin onlar üçün “ziyafət”ə çevrildiyini deyirlər. İşçi həmkarlar ittifaqı, Unite, şuranın ədalətli maaş artımı təklif etməklə problemi həll edə biləcəyini müdafiə edir.
Elchi.az xəbər verir ki, bununla belə, Birmingem Şəhər Şurası, Unite üzvlərinə ədalətli və ağlabatan bir təklif etdiyini, lakin tətilin davam etdirilməsinin sakinlər üçün böyük maneə törədəcəyini söylədi.
Həmkarlar ittifaqı şuranın 150 işçinin illik maaşını 8000 funt sterlinq azaldacağını iddia edir, lakin şura rəsmiləri bu iddianı rədd edir və xidmətlərin yenidən qurulmasının maliyyə sabitliyi üçün vacib olduğunu israr edirlər.
“Zibil şəhərə zərərvericiləri cəlb edir”
Milli Zərərvericilərə Nəzarət Assosiasiyasının (NPTA) texniki meneceri Grahame Turner, Birmingemdəki vəziyyətin getdikcə daha təhlükəli olduğunu söylədi: “Bu, ciddi bir ictimai sağlamlıq riskidir. Çürüyən yemək siçanlar, siçovullar və hətta dələlər üçün açıq bir dəvətdir.”
Turner tətil səbəbiylə yığılan zibillərin zərərvericiləri şəhərə cəlb etdiyini söyləyərək xəbərdarlıq etdi: “Onlar gəldikdən sonra isti sığınacaq və daha çox yemək tapmaq üçün ətrafı araşdırmağa başlayırlar”.
“Onlar təkcə bezdirici deyil, həm də ölümcül xəstəliklər daşıyırlar. Siçovullar və siçanlar leptospiroz, hantavirus və salmonella kimi xəstəlikləri ötürə bilər. Onlar elektrik kabellərini dişləyərək yanğın təhlükəsi yaradaraq, ciddi maddi ziyana səbəb ola bilirlər”.
Turner, vətəndaşlara zibil torbalarını açıq yerə qoymamaları barədə xəbərdarlıq edərək, “Mümkünsə tullantıları qapalı qutulara və ya konteynerlərə qoyun və mümkünsə yerli tullantı toplama mərkəzinə aparın” deyib.
Şayəstə Hüseynova