Ekspertlər benzinin 2 qəpik enib qalxmasını şərh etdi

Yanvarın 14-də dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, Tarif (Qiymət) Şurasının növbədənkənar iclası keçirilib. 

İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılmış və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. Qərara əsasən, Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.
Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmişdir. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilmiş və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib. Qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcək.
Qeyd edək ki, ölkədə benzinin qiyməti üç gün əvvəl qalxmışdı. Ekspertlər bildirirlər ki, iki gündə baş verən qiymət “silkələnməsi” hökumətin plansızlığına işarədir. Natiq Cəfərli Musavat.com-a açıqlamasında qeyd edir ki, benzinlə bağlı qərarın dəyişməsi müxtəlif səbəblərlə bağlıdır: “Qiymət artımı baş verən gün biz demişdik ki, bu artımın dövlət büdcəsinə təsiri çox cüzi olacaq. Yəni il ərzində təxminən 50-55 milyon manat ətrafında büdcəyə əlavə vəsait gələcəyi hesablanıb. Bu, çox cüzi bir rəqəm idi. Amma yaratdığı psixoloji təsir həddindən artıq yüksək idi, insanlarda ciddi qəzəb hissi yaratdı. Dünyada neftin qiymətinin enməsi ilə əlaqədar bütün ölkələrdə, o cümlədən Gürcüstanda, Türkiyədə, bütün Avropa ölkələrində, Amerikada qiymətlər həddindən artıq ucuzlaşır. Amma Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, qiymət artımı baş verir. Bu, çox ciddi bir psixoloji qəzəb yaratdı. Çox güman ki, hökumət bu addımı atarkən həmin etkini, yaranacaq bu təsiri hesablamamışdı. Sonradan indiki şəraitdə büdcəyə çox cüzi təsiri olacaq bir addımın indi atılmasının iqtisadi və siyasi nöqteyi-nəzərindən doğru olmayacağına özləri də inandılar. Çox güman ki, həm də sosial şəbəkələrdə, müxtəlif KİV-lərdə video sorğular da göstərildi ki, bu da təsirsiz olmadı. İnsanlar hətta çəkinmədən bundan narahat olduqları haqqında açıqlamalar verdilər. Hətta hökumətə yaxın saytlarda da belə reportajların getməsi müşahidə olundu. Çox güman ki, belə bir ictimai rezonans gedəcəyini düşünmürdülər, bu tərəfini, psixoloji tərəfini düşünməmişdilər. Sonradan analiz edərkən doğrudan da büdcənin qazancının çox cüzi olacağını, onun nəticəsinin isə çox ciddi təsir qüvvəsinə malik olduğunu nəzərə alaraq geri addım atdılar”.
Ekspertin sözlərinə görə, vətəndaşlarda yaranmış psixoloji təsir və qəzəb həm də onunla bağlı idi ki, benzindən sonra digər bahalaşma xəbərlərinin də olacağı ehtimal edilirdi: “Bu, digər sahələrdə də gələcəkdə artımların olması ehtimalını yüksəldirdi. Bundan əlavə, digər bir məsələ hökumət üzvləri, dövlət başçısı bütün çıxışlarında deyir ki, Azərbaycanda neftin enməsi ilə bağlı heç bir problem olmayacaq. Amma bu addımın atılması artıq problemlərin yaşana biləcəyi ehtimalının yüksək olacağını bir mesaj kimi cəmiyyətə çatdırırdı. Bunun özü də çox ciddi psixoloji təsirə malik idi. Yəqin ki, bütün bu məsələləri hesablayaraq geri addım atdılar və qiymət artımının ləğvinə getdilər. Bu isə onu göstərir ki, hökumətin daxilində ciddi analitik qruplar işləmir. Ciddi analitika ilə məşğul olmaq atılacaq hər addımın bütün tərəflərdən analiz olunması yaradılacaq hesablanması ilə bağlı ciddi qruplar işləmir. Bu, təəssüfedici haldır. Çünki dünya ölkələrində hökumətin yanında həmişə ciddi və sözünü dinlədikləri ekspert qrupları olur. Bu ekspert qrupu ictimai şəkillərdə görünməsə də, məsləhətçilər kimi hökumətin atacağı hər bir addımın hesablamalarını aparırlar. Azərbaycanda isə belə bir praktika da yoxdur. Belə bir qrupun olmaması isə bu cür situasiyaların yaranması ilə nəticələnir. Əslində isə hökumətin əvvəl qiyməti qaldırması, sonra endirim etməsi bunun özü də heç də xoş təsir bağışlamır. Belə çıxır ki, bir plansızlıq var, öncədən atılacaq addımları hesablaya bilmirlər. Bunun özü də çox qeyri-ciddi bir situasiya yaratdı əslində”.
Ekspert Məhəmməd Talıblı isə bildirir ki, iki qəpiklik endirimin sevincindənsə, 2 qəpiklik artımın 2 günlük ziyanlarından danışmaq lazımdır: “Mən bu haqda düşündüm. Ölkədə 1,2 milyon avtomobillərin heç olmasa hər birisi minimum 20 litr benzin- A-92 istehlak edibsə, bu, həmin fərqdən olan itki təxminən 1 milyon manat olub. Bəs deyirdiz, bu, yol vergisinin toplanması üçün düşünülmüş mexanizm idi. Nəzərə alsaq ki, ötən il büdcəyə yol vergisindən cəmi 22 milyon manat daxil olub, o zaman 2 qəpiklik artımla bunu uzağı 1 aya toplamaq olar. Yerdə qalan 11 aylıq gəlir hara gedəcəkmiş? Həm itirdik, həm də sevindik”. Ekspert qeyd edib ki, “Biz sevinməli deyilik, Tarif Şurasının belə “çiy” və bişməmiş qərarının nə üçün verildiyinin hesabını sormalıyıq. Özü də bu qərar qüvvəyə o vaxt minməli idi ki, o prezident tərəfindən təsdiqlənsin. Amma qərar 2 gün ərzində icra olunur, sonra da ləğv olunur”.