Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Siqrid Kaaq, Yaxın Şərqin sürətli bir transformasiyadan keçdiyini bəyan etdi və bunun iki dövlətli həllə nail olmaq üçün son şans olduğunu xəbərdar etdi.
Elchi.az xəbər verir ki, Kaaq BMT Təhlükəsizlik Şurasının “Yaxın Şərqdəki vəziyyət” adlı sessiyasında çıxış edib.
“Bu gün Yaxın Şərq sürətlə transformasiyadan keçir. Bu transformasiyanın əhatə dairəsi və təsiri qeyri-müəyyən olaraq qalır, lakin bu, həm də tarixi bir fürsət təqdim edir”. Kaaq bildirib ki, bölgə xalqı bu dövrdən “sülh, təhlükəsizlik və ləyaqətlə” çıxa bilər.
“Ancaq bu, iki dövlətli həlli reallaşdırmaq üçün son şansımız ola bilər “, – Kaaq deyib.
Qəzzanın yenidən qurulması üçün 53 milyard dollara ehtiyac olduğuna diqqət çəkən Kaaq, ərəb ölkələrinin bu mövzuda plan yaratma səylərinə rəhbərlik etdiyini və Misirin Qəzzanın yenidən qurulması üçün konfransa ev sahibliyi edəcəyini bildirib.
BMT-nin də yenidənqurma səylərini dəstəkləməyə hazır olduğunu bildirən Kaaq, “Fələstinlilər Qəzzanı yenidən inşa edərək həyatlarına davam edə bilməlidirlər. Məcburi köçkünlükdən söhbət gedə bilməz”,- deyib.
Beynəlxalq diqqətin Qəzzaya yönəldiyi bir vaxtda İsrailin işğal altındakı İordan çayının qərb sahilində davam edən hücumuna toxunan Kaaq, “İordan çayının qərb sahilində hərbi əməliyyatlar və hücumlar və şiddətlənən zorakılıqdan narahatam”,- deyib.
İşğal altındakı İordan çayının qərb sahilində itkilərin, dağıntıların və yerdəyişmələrin davam etdiyini bildirən Kaaq, İsrailin hücumları zamanı hamilə qadının və azyaşlı uşaqların öldürülməsinin hərtərəfli araşdırılmalı və məsuliyyət daşıyanların cavab verməli olduğunu bildirib.
Kaaq qeyd edib ki, İsrail rəsmiləri İordan çayının qərb sahilində fələstinlilərin hərəkətinə ciddi məhdudiyyətlər tətbiq edərkən, Fələstin torpaqlarını qəsb edən israillilər də fələstinlilərin öz torpaqlarından kənd təsərrüfatı üçün istifadə etməsinə mane olurlar.
Bəzi İsrail rəsmilərinin İordan çayının qərb sahilini ilhaq etmə ritorikasına toxunan Kaaq, bütün bu hadisələrin Fələstin Dövləti üçün ekzistensial təhlükə yaratdığını və iki dövlətli həll variantının mümkünlüyünü vurğulayıb.
Nuranə Məmmədova