Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu destinasiya marketinqi istiqamətində fəaliyyət planlaşdırır.
Elchi.az agentliyə istinadən xəbər verir ki, bunu Büronun İdarə Heyətinin (İH) sədri Florian Zenqstşmid Bakıda keçirilmiş “Azərbaycan Hotel Assosiasiyası” (AHA) İctimai Birliyinin 6-cı Baş Assambleyasında bildirib.
O, AHA ilə əməkdaşlığının strateji əhəmiyyət daşıdığını, qarşılıqlı görüşlərə və sənaye təmsilçilərinin təkliflərini dəyərləndirməyə daim hazır olduqlarını vurğulayıb. F.Zenqstşmid həmçinin hotellərin dayanıqlılıq proqramlarını tətbiq etməsinin vacibliyini qeyd edib.
AHA-nın İH-nin sədri Eldar Əlimuradov COP29 tədbiri zamanı sənaye təmsilçilərinin yüksək səviyyədə fəaliyyətini xüsusi qeyd edərək iştirakçılara təşəkkürünü bildirib. O, işğaldan azad edilmiş ərazilərdə turizm infrastrukturunun inkişafı, yeni hotellərin fəaliyyətə başlamasının qonaqpərvərlik sənayesi üçün yeni imkanlar yaradacağını vurğulayıb.
AHA-nın Baş icraçı direktoru Günay Sağlam Assosiasiyanın 2024-cü il ərzində əldə etdiyi nailiyyətlər, 2025-ci il üçün fəaliyyət planını əks etdirən təqdimatla çıxış edib. O, COP29-a hazırlıq çərçivəsində təşkil edilən hotelçilik təlimlərinin uğurlu nəticələrini paylaşıb və 2025-ci il üzrə fəaliyyət planının prioritetlərinin lobbiçilik fəaliyyəti, insan kapitalına dəstək, destinasiya marketinqi, dayanıqılılıq təşəbbüsləri və Milli Ulduz Təsnifatının davamlı tətbiqi kimi istiqamətləri əhatə edəcəyini əlavə edib.
Tədbir zamanı həmçinin Avropa Hotellər, Restoranlar və Kafelər Birliyinin (HOTREC) Baş direktoru Marie Audrenin, Avropa Ulduz Təsnifatı Birliyinin prezidenti Markus Luthenin və “HOTREC – Hospitality Europe” təşkilatının eks-vitse-prezidenti, Macarıstan Hotel və Restoranlar Assosiasiyasının eks-prezidenti Akos Niklainin AHA ilə uğurlu əməkdaşlıqla bağlı təəssüratları əhatə edən videomüraciətləri dinlənilib.
Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə “İlin ən yaxşısı” seçilən hotellər mükafatlandırılıb.