Avropa paytaxtlarının “Rusiyadan enerji asılılığını azaltmaq” məqsədilə elan etdiyi sanksiyalar Avropa İttifaqının (Aİ) ən mühüm prioritetlərindən birinə çevrilsə də, bu sanksiyalar əks nəticə verdi.
Rusiyanın 2022-ci ildə Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatdan sonra Qərb ölkələrinin Moskvaya qarşı başlatdığı sanksiya dalğası enerji sektorunu da əhatə edib.
Rusiya 2023-cü ildə dünyanın ən böyük qaz ixracatçısı mövqeyini qoruyub saxlasa da, Avropa yeni enerji böhranı ilə üz-üzədir.
Elchi.az xəbər verir ki, Londonda yerləşən Qitələrarası Birjanın (ICE) məlumatlarına əsaslanan hesablamalara görə, Avropada qazın qiyməti noyabrda bu ilin ən yüksək səviyyəsinə çatıb və 1000 kubmetr üçün 490 dolları keçib.
Noyabrda qaz fyuçersləri 1000 kubmetr üçün 491,2 dollara satılıb; Bu, oktyabrın 455,9 dollar göstəricisindən 35 dollar (7,7 faiz) çoxdur. Bu qiymət həm də keçən il qaz fyuçerslərinin satıldığı 1000 kubmetr üçün 511,3 dollardan 20 dollar (3,9 faiz) azdır. Noyabrın sonunda Avropada qazın qiyməti bu il ilk dəfə olaraq 1000 kubmetr üçün 530 dolları ötüb.
Oktyabr ayından etibarən qiymətlər qışın yaxınlaşması və Rusiyadan həm boru kəməri, həm də mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ilə bağlı qeyri-müəyyənlik səbəbindən yüksəlməyə başlayıb. Rusiya noyabrın ortalarında Avstriyanın OMV şirkətinə yanacağın tədarükünü dayandırıb, Ukrayna ilə Qazprom arasında Ukrayna ərazisindən qaz nəqlinə icazə verən müqavilənin müddəti 2025-ci il yanvarın 1-də başa çatır.
Digər tərəfdən, Rusiya 2022-ci ilin yazından bəri ilk dəfə sentyabr ayında Aİ-nin ən böyük qaz mənbəyi oldu. Avropa Statistika İdarəsinin məlumatlarına əsasən hesablanan pay 23,7 faizə çatıb. Beynəlxalq Qaz İttifaqının (IGU) məlumatına görə, Rusiya 2023-cü ildə 139 milyard kubmetr xalis ixracla qaz ixracatında qlobal liderliyini qoruyub.
Nuranə Məmmədova